Sentyabr ayında Hindistanın Rusiyadan neft idxalı 18 faizdən çox artıb. Rusiya bu ölkəyə enerji resurslarının tədarükünə görə ikinci yerə yüksəlib.
“The Economic Times” qəzeti bu barədə yük daşımalarının izlənilməsini həyata keçirən “Vortexa” kompaniyasına istinadla məlumat yayıb.
Hazırda Rusiya Hindistana tədarük etdiyi neftin həcminə görə Səudiyyə Ərəbistanından sonra ikinci yeri tutur. Ölkənin neft emalı zavodlarına ötən ay gündəlik 879 min barrel yanacaq idxal olunub. Beləliklə, Rusiya neftinin Hindistana ixracı 18.5 faiz artıb.
Ekspertlərin fikrincə, daxili tələbatın mövsümi artımı ilə əlaqədar cari rübdə Hindistan Rusiyadan daha çox neft ala bilər. Bundan başqa, Avropa İttifaqının dekabr ayından etibarən Rusiya neftinin idxalına qoyduğu qadağa qüvvəyə minsə, Moskvanın bu ölkədəki xam neft bazarındakı payı artmaqda davam edəcək.
Hindistan enerji ehtiyacının 85 faizini idxal hesabına təmin edir. 2021-ci ildə Hindistana yanacağın əsas tədarükçüləri İraq və Səudiyyə Ərəbistanı olub, Rusiya isə tədarük həcminə görə 9-cu yeri tutub.