2019-cu ildə Azərbaycanda büdcə xərclərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab olunur. Həmin xərclər 75 milyon manat məbləğində qiymətləndirilib.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında bildirib.
“Səmərəsiz xərclər il ərzində ayrılan vəsaitin vaxtında istifadə edilməməsi, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalması, daha az xərclə alına biləcək mal və xidmətlərin alınmaması, dövlət vəsaitinin istifadəsi zamanı dövlət alışları üzrə bağlanmış müqavilələrin münasib şərtlərinin seçilməməsi, dövlət proqramlarında müəyyən edilmiş hədəflərə nail olunmaması (və yaxud qismən nail olunması) ilə bağlı xərclərdir. Hesab edirik ki, bu sahədə nəzarətin gücləndirilməsi üçün büdcə qanunvriciliyində qeyri-effektiv planlaşma və yaxud qeyri-effektiv xərcləmə kimi anlayışların tanınmasına və buna uyğun məsuliyyətin müəyyən edilməsinə ciddi ehtiyac var”, – o qeyd edib.
©Report