2022-ci ildə çörəyin bahalaşması nəticəsində əhalinin ona çəkdiyi xərci 31% artıb, istehsal isə 2.5% azaldıb.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Qeyd edilir ki, 2022-ci il ərzində çörək məhsullarının pərakəndə satışı 154.76 milyon manat təşkil edib. Bu 2021-ci ildə 117.78 milyon manat idi.
2022-ci ilin təkcə dördüncü rübündə bu məhsullara əhali 42.77 milyon manat xərc çəkib. 2021-ci illə müqayisədə bu 28% çoxdur.
Azərbaycanda “zavod çörəyinin” qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir. Ötən il ölkədə Rusiya-Ukrayna müharibəsi şokundan buğdanın qiyməti bahalaşmağa başladı. Unun qiymətinin bahalaşmasını əsas gətirən Şura Əla növ un çörəyin qiyməti 2022-ci ildə ənənəvi “dairəvi” çörəyin qiyməti 50 qəpikdən 70 qədər bahalaşıb.
2022-ci ildə Azərbaycan zavodları 1 milyon 245.9 min ton həcmində sadə çörək istehsal edib. Beləliklə, 2021-ci ildə 1 milyon 278.1 min ton çörək istehsalını nəzərə alsaq, istehsal illik 2.5% azalıb.
Statistikaya görə, ölkədə unun istehsal həcmi 2021-ci ildə 1 milyon 498.2 min ton olduğu halda, 2022-ci ildə bu rəqəm 1 milyon 364.99 min tona düşüb. Bu da illik 8.9% azalmadır.
Xatırladaq ki, Azərbaycan 2022-ci ildə xaricdən (böyük payı Rusiya) 1 milyon 293 min tonluq, yaxud 436.55 milyon dollarlıq buğda idxal edib.