Ötən il 77,3 min vergi ödəyicisi üzrə 150,6 min kameral vergi yoxlaması əsasında 1,169 milyard manat məbləğində əlavə vergi hesablanıb.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə ödəyici sayı üzrə 2,5 min ədəd və yoxlama sayı üzrə 76 ədəd az, hesablanmış vergi üzrə isə 178,8 milyon manat və ya 18,1% çoxdur.
Kameral vergi yoxlaması aparılmış vergi ödəyicilərinin sayı həmin dövr üzrə aktiv vergi ödəyicilərinin ümumi sayında 9,8% təşkil edib. Kameral vergi yoxlaması ilə hesablanmış vergilərin 329 milyon manatının və ya 28,1%-nin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2023-cü illə müqayisədə 58 milyon manat və ya 21,4% çoxdur.
Kameral vergi yoxlaması ilə hesablanmış vergilərin 999,6 milyon manatı və ya 85,5%-i elektron uyğunsuzluq əsasında aparılmış yoxlama ilə, 169,3 milyon manatı və ya 14,5%-i AVİS-dən kənar uyğunsuzluq əsasında aparılmış yoxlama ilə hesablanıb.
Hesablanmış vergilərin ümumi məbləğinin 734,7 milyon manatını və ya 62,9%-ni əlavə dəyər vergisi, 269,2 milyon manatını və ya 23%-ni mənfəət vergisi, 63,6 milyon manatını və ya 5,4%-ni gəlir vergisi, 15,7 milyon manatını və ya 1,3%-ni sadələşdirilmiş vergi, 58,7 milyon manatını və ya 5%-ni vahid bəyannamə üzrə vergilər, 27 milyon manatını və ya 2,3%-ni isə digər vergilər təşkil edib.
Kameral vergi yoxlaması üzrə hesablanmış vergilər ilə əlaqədar ötən il 6,8 min şikayət daxil olub ki, bu da il üzrə ümumi kameral yoxlamaların sayında cəmi 4,5% təşkil edib.