Ötən il Dövlət Neft Fondunun büdcəsinin icrası defisitlə proqnozlaşdırıldığı halda neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulduğundan artıq olması, idarəetmə gəlirlərindəki müsbət tendensiya, eyni zamanda xərclərin proqnoza nisbətdə az icrası fonunda Fondun büdcəsi profisitlə yekunlaşıb.
Bu “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.
Rəydə qeyd edilib ki, 2021-ci ilin 1 yanvar tarixinə Dövlət Neft Fondunun vəsaiti 73 488,7 milyon manat və ya 43 564,3 milyon dollar təşkil edib. 2021-ci il ərzində manat ifadəsilə Dövlət Neft Fondunun büdcə gəlirlərinin ümumi həcmi 15 985,7 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (8 001,2 milyon manat) 199,8 faiz səviyyəsində icra edilib.
2021-ci il ərzində Dövlət Neft Fondunun büdcə xərcləri 11 382,7 milyon manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (12 249,4 milyon manat) 92,9 faiz səviyyəsində icra olunub. 2021-ci ilin sonuna Dövlət Neft Fondunun büdcəsində 4 603,0 milyon manat və yaxud 2 707,4 milyon ABŞ dolları məbləğində profisit yaranıb (2020-ci il üzrə 3 064,5 manat və ya 1 802,4 milyon ABŞ dolları defisit təşkil edib).
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 40,0 ABŞ dolları nəzərdə tutulduğu halda 2021-ci il ərzində xalis mədaxil qiyməti 65,4 ABŞ dolları təşkil edib.