2021-ci ildə əhaliyə ödənişlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 4718 milyon manat vəsait xərclənib.
Bu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, əhaliyə ödənişlərin tərkibində pensiya xərcləri 4592 milyon manat təşkil edib. 2021-ci il pensiyaçıların həm maddi rifahının yaxşılaşdırılması, həm də onlara rahat, əlçatan və şəffaf şəkildə pensiyaların təyinatı istiqamətində islahatların həyata keçirilməsi ilə əlamətdar olub. Hesabat ilində ölkə üzrə əmək pensiyaçılarının 707,2 min nəfəri və ya 59,1 faizi yaşa görə, 345,6 min nəfəri və ya 28,9 faizi əlilliyə görə, 144,2 min nəfəri və ya 12 faizi ailə başçısını itirməyə görə pensiya alıb.
2021-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi 2020-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqının 11,4 faiz illik artım tempinə və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri 2020-ci ildə ölkə üzrə istehlak qiymətləri indeksinin 2,8 faizlik illik artım səviyyəsinə uyğun indeksləşdirilib. Əmək pensiyalarının indeksləşdirilməsi məqsədilə illik 441,6 milyon manat vəsait xərclənib və bu artım 1,14 milyon pensiyaçını əhatə edib.
Görülən tədbirlər nəticəsində əmək pensiyalarının orta aylıq məbləği 2021-ci ilin 1 yanvar tarixinə olan 302,24 manatdan 2022-ci ilin 1 yanvar tarixinə ilkin hesablamalara görə 331 manata, o cümlədən müvafiq olaraq həmin tarixə yaşa görə əmək pensiyasının orta aylıq məbləği 331,4 manatdan 358 manata, əlilliyə görə əmək pensiyasının orta aylıq məbləği 260,9 manatdan 290,8 manata və ailə başçısını itirməyə görə əmək pensiyasının orta aylıq məbləği isə 263 manatdan 290,2 manata yüksəlib. Pensiyaların orta aylıq məbləği ötən illə müqayisədə 9 faiz, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği isə 8 faiz artıb. 2021-ci il ərzində 22,6 min nəfərə (21 min nəfərə yaşa görə, 1,2 min nəfərə əlilliyə görə, 436 nəfərə isə ailə başçısını itirməyə görə) elektron qaydada əmək pensiyası təyin edilib.
Hesabat dövrü ərzində pensiya sahəsində aparılmış islahatlar çərçivəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-1-ci maddəsinə əlavələr edilib. Pensiya təyinatından sonra işləmiş və işləməkdə davam edən pensiyaçılara proaktiv xidmətin göstərilməsini nəzərdə tutan bu islahat tədbiri şəxsə hər hansı quruma yaxınlaşmadan və bürokratik çətinliklərlə qarşılaşmadan pensiya təyin edildikdən sonra toplamış olduqları kapitala görə pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanmasını nəzərdə tutur.
2021-ci ildə pensiya təyin edildikdən sonra azı 6 il işləyən yaşa görə əmək pensiyaçılarının pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanmasına başlanılıb. 2021-ci il ərzində sığortaolunan kimi qeydiyyata alınmış şəxslərin sayı 219,4 min nəfər və ya 5 faiz artaraq, hesabat dövrünün sonuna 4,6 milyon nəfər təşkil etdib. Aparılan mərkəzləşdirmə və inzibati idarəetmənin təkmilləşdirilməsi tədbirlərinin nəticəsi olaraq, fərdi uçot sistemi sağlamlaşdırılmış, vaxtilə sığortaedənlər tərəfindən ödənilmiş və sığotaolunanların (hərbçilər və xüsusi rütbəli şəxslər istisna olmaqla) fərdi hesablarına bərkidilməmiş 1117,3 milyon manat vəsaitdən 2021-ci il ərzində 85 milyon manatı əməktutumlu fəaliyyətin nəticəsi olaraq sığortaolunanların fərdi hesablarına bərkidilib və sığortaolunaların fərdi hesablarına işlənilmiş məbləğlər ümumilikdə 92,4 faizə və ya 1032,4 milyon manata çatdırılıb.
Əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına 126 milyon manat məbləğində müavinət ödənilib ki, bunun da 31,6 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 27,2 faizi hamiləliyə və doğuma görə, 24,4 faizi dəfn üçün, 16,8 faizi isə digər müavinətlərin payına düşüb. Hesabat dövründə DSMF-nin digər xərcləri 125 milyon manat təşkil edib.
Sığortaolunanlara məcburi dövlət sosial sığorta vəsaitləri hesabına müavinətlərin interaktiv qaydada elektron formada təyin edilməsi və ödənilməsi təmin edilib. Maliyyə əməliyyatlarına nəzarət gücləndirilib, sosial ödənişlərin məmur-vətəndaş təması olmadan şəffaf və operativ təyin edilməsi təşkil olunub.