Prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında aparılmış araşdırmalar üzrə ümumilikdə 454 milyon 781 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək, istintaq tədbirləri ilə onun 41,4 faizinin, yəni 188 milyon 293 min manat hissəsinin ödənilməsinə nail olunub, prokurorluq orqanlarında ibtidai istintaqı aparılmış cinayət işləri və araşdırılmış materiallar üzrə isə vurulmuş maddi ziyanın məbləğinin 100 milyon 609 min manat olmaqla, onun 71,1 faizinin, yəni 71 milyon 566 min manat hissəsinin ödənilməsinin təmin olunub.
Banker.az xəbər verir ki, bu barədə yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2022-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında bəhs edilib.
Bundan başqa, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 20 milyon 755 min manat pul vəsaiti ödənilməklə, həmin məbləğin 20 milyon 213 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olub.
İclasda qeyd olunub ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 74 milyon 763 min manat məbləğində maddi ziyandan 52 milyon 243 min manatın ödənilməsi təmin olunub, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 19 milyon 461 min manat məbləğində pul vəsaiti ödənilib.