2022-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 399,4 milyon manat olan 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3 026 yeni iş yerinin açılması imkanı yaranıb.
Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, kreditlərin məbləğ üzrə 59,8%-i kənd təsərrüfatı, 23,9%-i sənaye məhsullarının istehsalı və emalı, 6,5-%-i turizm, 9,9%-i isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib.
Verilmiş kreditlərin məbləğ üzrə 70,6%-i regionların, 29,4%-i isə Bakı və Abşeronun payına düşür. 2022-ci il ərzində verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib. Bildirilib ki, pandemiyadan zərər çəkmiş sahibkarlara verilmiş dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi davam etdirilib. Ümumilikdə, dəstək proqramı çərçivəsində 1 yanvar 2023-cü il tarixinədək 41,4 milyon manat, o cümlədən 2022-ci il ərzində 26.1 milyon manat subsidiya ödənilib. Subsidiya ödənişləri kredit müddəti ərzində davam etdiriləcək.
Pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi 2022-ci ildə də davam etdirilib. Bu dəstək mexanizminə əsasən, 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10% bəndi həcmində subsidiyalar verilib.
Proqram çərçivəsində 1 yanvar 2023-cü il tarixinə kredit qalıq məbləği 877,94 milyon manat olan 5 052 müraciətə 71,9 milyon manat faiz subsidiyasının verilməsi Fond tərəfindən təsdiq edilib ki, artıq bu məbləğin 68,5 milyon manatı sahibkarlıq subyektlərinə ödənilib. Hazırda bu mexanizm üzrə müraciətlərin qəbulu davam etdirilir.