“Unibank KB” ASC 2024-cü ildə 20.4 milyon manat xalis mənfəət əldə etsə də, bu, 2023-cü ildəki göstəricidən xeyli aşağıdır. Ümumilikdə xərclərin gəlirlərlə müqayisədə daha yüksək artması bankın xalis mənfəətinin enişinə təsir edən əsas amildir.
Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında bildirilir.
Bankın 2023-cü ildəki xalis mənfəətinin 32.93 milyon manat olduğunu nəzərə alsaq, keçən ildəki mənfəəti 38 faiz azalmış olub.
“Unibank” ASC-nin cəmi gəlirləri illik müqayisədə 11% artaraq 354.6 milyon manat olarkən, cəmi xərcləri daha çox – 21 faiz artaraq 236.9 milyon manat olub.
Əsas fəaliyyət istiqaməti olan müştəri kreditlərindən faiz gəlirlərinin dinamikası cəmi 9 faiz artım göstərib və 220.4 mln. manat təşkil edib. Depozitlər isə maliyyə mənbəsi kimi banka 63 mln. manat xərc yaradıb ki, bu da illik müqayisədə 10% cəmi artımdır.
Bankın xərc maddələrinə baxdıqda, ümumi və inzibati xərclər illik 30 faiz artımla 47.9 mln. manat, “digər xərc” kimi təsnifləşdirilən isə 34% artımla 79.3 mln. manat təşkil edib.
Bununla da kommersiya bankı keçən il 62.6 milyon manat əməliyyat mənfəəti əldə edib. Bu göstərici də yuxarıda qeyd edilən xərclər səbəbindən öncəki ildə qeydə alınmış 75.1 mln. manatdan 17 faiz az olub. Üstəlik, 35.2 mln. manatlıq (illik 5% artım) mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar mənfəətin 27.4 mln. manata düşməsinə əsas olub. Bankın keçən il 7 mln. manat mənfəət vergisi ayırmasından sonra 20.4 mln. manat xalis mənfəəti qalıb.
1 yanvar 2025-ci il tarixinə kommersiya bankının 14 milyon manat həcmində bölüşdürülməmiş mənfəəti var. Öncəki ildə bank səhmdarlara dividend də ayırmışdı.