Hər il olduğu kimi ötən il də bank sektorunda qalmaqallarsız keçmədi. Belə ki, ötən il ərzində bir neçə bankların adı korrupsiyada hallandı.
2013-cü ilin ən yadda qalan bank qalmaqalları sırasında ilk növbədə AccessBank-ın adını çəkə bilərik.
AccessBank -ın əməkdaşına qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiya ilə bağlı cinayət işi açılmışdır.
İstintaq zamanı cəmiyyətin Bankın 20 yanvar filialının kredit mütəxəssisi Kamal Fərəcovun tanışları Vüqar Rəhimov, Zamiq Dadaşov və Seyran Umudov ilə qabaqcadan əlbir olub sonuncuların vasitəçiliyi ilə 2009-2010-cu illər ərzində ödəniş qabiliyyətləri olmayan ayrı-ayrı şəxsləri müştəri kimi cəlb edərək, maliyyə təhlili aparmadan onların adlarına kreditin verilməsi üçün zəruri olan sənədləri və məlumatları saxtalaşdırmışdır.
Habelə faktiki baxış keçirilmədən uydurma dövriyyə vəsaitlərini, ev əşyalarını kredit təminatı kimi girov qismində sənədləşdirmə yolu ilə 59 nəfərin adına ümumilikdə 108 min 640 manat məbləğində pulu kredit kimi götürüb ələ keçirmişdir.
Cəmiyyətə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan qeyd edilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Həyata keçirilmiş tədbirlər nəticəsində cinayət işi üzrə müəyyən olunmuş ziyanın bir qisminin təqsirləndirilən şəxslər tərəfindən ödətdirilməsi təmin olunub.
Növbəti Bank Korrupsiyası Rabitəbankda baş verib
Mart ayında Rabitəbank-ın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərarları üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparıldı.
Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, Bankın əməkdaşı Ülvi Nuriyev mənzil almaq məqsədi ilə kredit müqaviləsi əsasında həmin bankdan 25 il müddətinə 43 min 500 manat məbləğində kredit götürmüş və atası Sabir Quliyevin adına olan mənzili ipoteka ilə yüklü edilərək qeydə alıb.
Hadisələr bununla bitmir, daha sonra isə cəmiyyətin vəzifəli şəxsləri tərəfindən guya Ü.Nuriyevin həmin bankdan təmir işləri adı ilə bir ay müddətinə 45.0 min manat məbləğində kredit götürməsi barədə cəmiyyətlə qanunsuz müqavilə bağlayır.
Qeyd edilən ipoteka ilə yüklü mənzil girov qoyulmaqla sonradan həmin müqavilə üzrə yaranmış borcun ödənilməsindən ötrü mənzilin hərrac yolu ilə satılması barədə məhkəmədə iddia qaldırılmışdır.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi açılmışdır.
Ötən ilin avqust ayında isə “Dekabank”-ın adı qanunsuz hərəkətlərdə hallandı
Bankın Nəsimi filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi açılmışdır. Məlumatlara əsasən deyə bilərik ki, cəmiyyətin Nəsimi rayon filialının müdiri Nəsrulla Mikayılov, iqtisadçı Pərviz Mikayılov və aparıcı mühasib Şəfəq Salmanovanın qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, bank tərəfindən verilmiş kredit məbləğləri ilə həmin kreditin təminatı kimi müştərilərdən qəbul edilmiş qızıl-zinət əşyalarının öz dəyərindən dəfələrlə artıq göstərmişdir .
Bununla da, bankın mənafeyinə 65 min 600 manat məbləğində ziyan vurmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə haqqında cinayət işi açılmışdır.
Lakin Korrupsiya aktları qeyd etdiyimiz banklarla yekunlaşmır. Qalmaqal hadisələri kapital Bankdan da yan keçmir
Rövşən Rəhimovun 2009-2012-ci illərdə Kapital Bank-ın Daşkəsən rayon filialının müdiri vəzifəsində işləyərkən ayrı-ayrı şəxslərin 61.7 min manat məbləğində əmlakını mənimsəmə və dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2 və 313-cü maddələri ilə ittiham olunmuşdur.
İstintaq zamanı həmçinin bankın Kredit-iqtisad bölməsinin mütəxəssisləri Bəsti Mustafayeva, Emil İsayev və Seymur Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində kifayət qədər şübhələr olduğundan onlara Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham olunublar.
İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin edilib.
Sonda onu qeyd edək ki, yeni kapital tələblərinin tətbiqi Azərbaycan banklarının kapital mövqeyinə təsirsiz qalmayacağı məlumdur. Belə ki, yeni kapital tələblərinin tətbiqi Azərbaycan banklarının kapital mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi ilə nəticələnə bilər.