Oyun sənayesi tarixində ən böyük sövdələşmə baş tutub: “Electronic Arts” 55 milyard dollarlıq geri alışdan sonra birjadan çıxır. “Bloomberg” yazır ki, bu, qlobal oyun sənayesi üçün dönüş nöqtəsdir.
Rekord həcmli bu alış 400 milyard dollarlıq oyun bazarı ətrafında illərdir davam edən optimizmin kulminasiyasıdır — həm oyun həvəskarları, həm də investorlar tərəfindən. Sövdələşmə bir neçə parametrə görə unikal sayılır:
— səhmdarlara 25 sentyabrda EA səhmlərinin bağlanış qiymətinə 25% mükafat təklif olunub — bu, son illərdə bazardakı ən böyük təkliflərdən biridir;
— “JPMorgan Chase & Co.” 20 milyard dollar maliyyələşdirmə təqdim edib — bu, bir bank tərəfindən “buyout” üçün verilmiş ən böyük borc məbləğdir;
— alıcılar arasında dünyanın ən böyük investorlardan bəziləri var, o cümlədən Səudiyyə Ərəbistanının Suveren Fondu (PIF) və Donald Trampın kürəkəni Cared Kuşnerə məxsus “Affinity Partners”;
— “Goldman Sachs” bu sövdələşmə üzrə məsləhət xidmətinə görə tarixindəki ən böyük qonorarını — 110 milyon dollar əldə edəcək.
Bu nə üçün vacibdir?
İlin əvvəlindən bəri dünyanın ən böyük oyun istehsalçılarına və nəşriyyatçılarına investisiya edən “Roundhill Games ETF” S&P 500-dən iki dəfə çox artıb (+34,1% əvəzinə +16,3%). Hətta süni intellekt layihələri ətrafında yaranan həyəcan fonunda “Möhtəşəm yeddiliyi” də geridə qoyub (+25,2%). “PlayStation” istehsalçısı “Sony Group” və “Final Fantasy” yaradıcısı “Square Enix Holdings”in səhmləri də tarixi maksimumlarını yeniləyib.
Rallini üç əsas amil gücləndirir:
1. Lokdaun sonrası rekord oyun tələbi. Pandemiya oyunlara tələbi kəskin artırdı və bu tendensiya hələ də qalır. “Circana” tədqiqat şirkətinin məlumatına görə, 2024-cü ildə amerikalıların 71%-i videooyun oynayıb.
2. Yeni nəsil konsollara böyük maraq. “Nintendo”nun “Switch 2” konsolu buraxıldıqdan bir neçə ay sonra ABŞ tarixinin ən sürətlə satılan qurğusuna çevrilib.
3. Onilliyin ən böyük relizinin gözləntisi. Bir sıra gecikmələrdən sonra “Take-Two” GTA VI-nı 2026-cı ilin noyabrında buraxacaq. Analitiklər onun tarixdəki ən bahalı oyun olacağını və 1 milyard dollarlıq gəlir gətirəcəyini proqnozlaşdırırlar. Xatırladaq ki, GTA V ilk gündə 800 milyon dollar qazanıb və 2013-cü ildən bəri 215 milyon nüsxədən çox satılıb.
İnvestorlar üçün bu nə deməkdir?
Bu yüksəliş fonunda investorlar daha seçici olmalı olacaqlar. Çünki bir çox şirkətlərin dəyərləndirmələri artıq şişirdilmiş görünür və gözləntilər həddindən artıq yüksəkdir. Belə şəraitdə ehtimal ki, yalnız kifayət qədər resurslara malik istehsalçılar və ya oyunçuların diqqətini saxlaya biləcək güclü yaradıcılıq ideyaları olan studiyalar həyatda qala biləcək.
Başqa nələr?
EA üçün investorların ödəməyə hazır olduğu yüksək qiymət təsdiqləyir ki, sənayedə yeni “norma” yaranır və bu, onun daha da qütbləşməsinə səbəb olur: oyun hazırlanmasına ayrılan büdcələr yəqin ki, daha da artacaq. Bu isə yüz milyonlarla dollar sərmayə qoya bilən böyük nəşriyyatçılar üçün sərfəlidir. Amma remeyklərdən və lisenziyalardan tutmuş marketinqə və bir neçə platforma üçün paralel inkişaf xərclərinə qədər artan məsrəflər bazarın digər oyunçularına təzyiq yaradacaq.
Britaniyalı tədqiqat şirkəti “Pelham Smithers”in qurucusunun sözlərinə görə, bazar getdikcə “bahalı oyunlar yaratmağı bacaranlar və bacarmayanlar” olaraq iki yerə bölünür. Onun fikrincə, ikinci qrup üçün bazar payını qorumaq və kontent istehsalında həm keyfiyyət, həm də həcmlə rəqabət aparmaq getdikcə çətinləşəcək.







