Azərbaycan alüminium istehsalında yeni güclərin yaradılmasını planlaşdırır. Özəl sektorun iştirakı ilə illik istehsal gücü təxminən 200 min ton olan yeni ilkin alüminium istehsalı müəssisəsinin yaradılması imkanları araşdırılacaq.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 sentyabr tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd olunur.
Sənədə əsasən, alüminium sənayesinin inkişafı çərçivəsində “Azəralüminium” MMC-nin Gəncə şəhərində yerləşən elektroliz zavodunun illik istehsal gücünün 100 min tona çatdırılması, həmçinin alüminium yayma məhsullarının istehsal gücünün 50 min tona yüksəldilməsi nəzərdə tutulur.
Bununla yanaşı, alüminiumun dərin emalının genişləndirilməsi, profil, naqil, kabel, folqa, lövhə və digər yüksək əlavə dəyərli məhsulların istehsalının qurulması planlaşdırılır.
Dövlət Proqramında həmçinin özəl sektor tərəfindən illik təxminən 200 min ton ilkin alüminium istehsal edə biləcək yeni müəssisənin yaradılması imkanlarının qiymətləndirilməsi və potensial investorların cəlb edilməsi nəzərdə tutulur.
Sənəddə qeyd edilir ki, alüminium sənayesinin inkişafı üçün istehsal zəncirinin dərinləşdirilməsi, yeni emal güclərinin yaradılması və xammal bazasının gücləndirilməsi əsas istiqamətlərdən biridir.
Qeyd edək ki, proqram çərçivəsində Zəylik-Alunit yataqlarının sənaye istifadəsi imkanlarının qiymətləndirilməsi və alunit əsasında alüminium oksidi və alüminium istehsalı imkanlarının araşdırılması da nəzərdə tutulur.
Hazırda Azərbaycanda alüminium istehsalı əsasən “Azəralüminium” MMC tərəfindən həyata keçirilir. “Azəralüminium” MMC-nin Gəncə Alüminium Kompleksində ilkin alüminium istehsalı üzrə illik güc təxminən 52 min tondur. Şirkətin Gəncə şəhərində yerləşən elektroliz zavodunun mövcud istehsal gücü üzrə Dövlət Proqramında qeyd edilir ki, bu gücün artırılaraq illik 100 min tona çatdırılması planlaşdırılır. Bundan əlavə, alüminiumun yayma məhsulları üzrə illik istehsal gücünün 50 min tona çatdırılması, eləcə də profil, naqil, kabel, folqa və digər yüksək əlavə dəyərli məhsulların istehsalının genişləndirilməsi nəzərdə tutulur.







