7 C
Baku
Monday, December 22, 2025

Özəlləşdirmə ilə bağlı hərracın nəticələri açıqlandı

Dövlət büdcəsinə 1 milyon manatdan çox gəlir gələcək.

Bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib.

Açıq hərracda səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, kiçik dövlət müəssisə və obyektlərin satışı həyata keçirilib.

Hərracın nəticəsində 35 dövlət əmlakı özəlləşdirilib və beləliklə, özəlləşdirmədən dövlət büdcəsinə 1 milyon manatdan çox gəlir gələcək. Hərracda Sumqayıtda yerləşən emalatxana, Nəsimi rayonundakı beş mərtəbəli binanın 16,5 kv.m-lik zirzəmisi, eyni binanın 24,8 kv.m-lik zirzəmisi, Xətai rayonunda yerləşən 9 mərtəbəli binanın 37,8 kv.m-lik zirzəmisi hərrac vasitəsilə əldə olundu.

Bundan başqa, hərracda iki səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30% hissəsi, 20 kiçik dövlət müəssisə və obyekti və 13 nəqliyyat vasitəsi özəlləşdirilib. Daha iki satılan səhmdar cəmiyyətləri – “Saxsı qablar” ASC və “Beyləqan dəmir beton” ASC-dir. Özəlləşdirilmədən sonra qoyulacaq investisiya sayəsində onların fəaliyyətinin müasir tələblər əsasında bərpası mümkün olacaq.

Özəlləşdirilən kiçik obyektlər və qeyri-yaşayış sahələrinin 14-ü paytaxtda, 6-sı isə Azərbaycanın digər şəhərlərində (Sumqayıt, Mingəçevir, Şəki və Gəncə) yerləşir. Kiçik dövlət əmlakları ticarət, ictimai iaşə, xidmət və digər sahələrə aid olub.

Növbəti hərrac oktyabrın 25-də keçiriləcək və 84 dövlət əmlakı satışa çıxarılacaq.

Xatırladaq ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Bundan sonra iştirakçı statusu qazanan vətəndaş hərracda qalib olaraq əmlak sahibi ola bilir.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər