Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-avqust ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 111 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Banker.az xəbər verir ki, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər uğurla davam edir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-avqust ayları ərzində 40 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 361 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin 8 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 195 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 40 onlayn qoşulma reallaşıb.
Cari ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 89,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 2 161 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 541-i qeyri-yaşayış, 1 620-si isə torpaq sahələrinə dair olub.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin 8 ayı ərzində dövlət büdcəsinə 21,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artıb.
Beləliklə, 2023-cü ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 111 milyon manat vəsait daxil olub.