Şavkat Mirziyoyev Özbəkistanın Ali Məclisinin Qanunvericilik Palatası və Senatının birgə iclasında and içərək prezident vəzifəsinin icrasına başlayıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Qeyd edək ki, hazırkı prezident seçkiləri Konstitusiyaya edilən dəyişikliklərdən sonra prezidentlik müddətinin 5 ildən 7 ilə uzadıldığı ilk seçkidir.
İyulun 9-da Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib. Özbəkistanda dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə qədər artıran Konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra növbədənkənar seçkilər elan edilib. Dəyişikliyə əsasən, Şavkat Mirziyoyev daha iki dəfə prezidentliyə namizəd olmaq hüququ əldə edib.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçici fəallığı 79.88% təşkil edib ki, bu da 2016-cı ildən bəri ümumxalq səsverməsində ən aşağı göstəricidir. İyulun 10-da seçki komissiyası seçkilərin nəticələrinə yekun vurub, seçicilərin 87.05%-i Şavkat Mirzeyevə səs verib. ATƏT müşahidəçiləri də öz növbəsində seçkilərin “əsl rəqabətdən uzaq siyasi mühitdə” keçirildiyini bildiriblər.