13:21
Özbəkistana məxsus “Tukımachı Sanoat Tekstıl” MMC Azərbaycanda yaradacağı 5 müəssisənin hesabına 10 il ərzində (2025-2034-cü illərdə) 648 milyon manat satış gəlirləri, 222 milyon manat isə vergiyəqədərki mənfəət əldə edəcəyini proqnozlaşdırır.
Bunu şirkətin təsisçilərindən biri Abduvoris Yuldaşov bildirib.
“İnvestisiyanın geri qayıtması müddəti 5.5 ildir. Layihədə xalis mənfəət marjası 34% təşkil edir. Bu layihənin hesabına regionlarda məşğulluq təmin ediləcək, əlava dəyər yükü olan iplik, qumaş, tikiş məhsulları ixrac olunacaq”, – deyə o qeyd edib.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev isə qeyd edib ki, bu məsələ uzun müddət müzakirə olunub: “Bu gün real nəticə görürük”.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov isə bildirib ki, Azərbaycan Özbəkistan şirkətinə hər cür dəstək göstərməyə hazırdır.
***
11:53
Özbəkistana məxsus “Tukımachı Sanoat Tekstıl” MMC Azərbaycanda 5 müəssisənin yaradılmasına 92.5 milyon manat investisiya yatıracaq.
Bu gün bununla bağlı İmişlidə müqavilə imzalanıb.
Müqaviləyə İmişli Rayоn İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və “Tukımachı Sanoat Tekstıl”in Azərbaycanda yaratdığı “TST Textile Group” MMC-nin rəhbəri Rahib İsayev imza atıb. Sənəd İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan, İmişlidə yerləşən aqroparkın 5 826 hektar təsərrüfat sahəsinin Özbəkistan şirkətinin uzunmüddətli istifadəsinə verilməsini nəzərdə tutur.
Şirkət ilkin olaraq 28.7 milyon manat investisiya qoyaraq ərazidə pambıq sahəsi salacaq, 2025-2029-cu illərdə isə pambıq emalı zavodu, iplik, toxuculuq və tikiş fabrikləri, həmçinin pambıq yağı zavodu quracaq. Pambıq emalı və yağı zavodları aqroparkın, iplik, toxuculuq və tikiş fabrikləri isə Mingəçevir Sənaye Parkının ərazisində yaradılacaq. Layihənin icrası nəticəsində 1 130 yeni iş yerinin yaradılması planlaşdırılır.
Müəssisələrin yaradılmasına özəl kapitalla yanaşı, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun da vəsait ayıracağı gözlənilir. Beləliklə, ölkədə pambıqçılıq sahəsində ilk dəfə Özbəkistan təcrübəsi əsasında klasterləşmə formalaşacaq.