Özbəkistanın bir neçə bölgəsində və paytaxt Daşkənddə qazın verilişində fasilələr yaranıb.
Qazın verilişinin dayandırılmasına səbəb ölkədə dünən elektrik enerjisi verilişində yaranan kütləvi fasilə olub.
Bildirilir ki, hazırda əsasən Fərqanə vadisi, Surxandərə və Daşkənd vilayətlərində, həmçinin Daşkənd şəhərində təbii qaz tədarükünün azaldılması və yaxud ümumiyyətlə olmaması müşahidə edilir.
Qeyd edək ki, yanvarın 25-i ölkədə elektrik enerjisinin verilişinin dayandırılması səbəbindən “Uzbekneftqaz” şirkətinin 64 yatağında qaz və neft hasilatı dayandırılıb.
Xatırladaq ki, yanvarın 25-i Qazaxıstan, Özbəkistan və Qırğızıstanda elektrik enerjisinin verilişində genişmiqyaslı fasilə yaranıb. İlkin məlumata görə, buna səbəb Mərkəzi Asiyanın vahid enerji sistemində baş verən qəza olub.