Müəllif: Credit Agricole bankında təcrübəçi, Banking üzrə Master, Qəni Novruzov
2014-cü ildə Avropadakı ən iri (aktiv həcminə görə) 20 bankın arasına 5 fransız bankı daxil oldu : BNP Paribas, Credit Agricole, Banque Populaire-Caisse d`Epargne qrupu, Societe Generale və Credit Mutuel. Bu banklardan 3-ündə ortaq bir cəhət vardı : Mütüalist (kooperativ, qarşılıqçı) bank olmaları. Bu üçlükdən 2-i hətta ilk 10-luqdadır.
Hesab edirəm ki, mütüalist (bundan sonra qarşılıqçı) bankçılıq ölkəmizdə yaxşı tanınmır. Ancaq dünya bankçılığında bu qədər mühüm yeri olan bu bankların idarəolunma tərzi, maliyyə quruluşu bütün banklardan və bütün biznes qurumlarından fərqlənir. Bu da onları tanımağı faydalı edir. Çünki, bu banklar qəribə səslənsə də kapitalist deyil, « kollektivist » bir struktura sahibdirlər. Bu banklardan dünyanın bir çox ölkəsində olmasına baxmayaraq özünü Fransada daha yaxşı doğrultmasında isə fransız ənənələri və siyasi quruluşunun rolu çox böyükdür. Qarşılıqçı bankçılıq alman (Frierich Raiffeisen) ideyası olsa da, fransızlar tərəfindən daha çox mənimsənilir və uğur qazanır.
Qarşılıqçı bankların fəlsəfəsi çox orijinaldır. Bu 19. əsr sosialistlərinin (Ouen, Fourrier və s.) ideyaları təsirində yaranmışdır. Bu bankların sahibləri müştərilər, müştəriləri isə sahibkar olurlar. Bu sanki, bir qrup insanın ortaya pul atması, lazım olanın kredit kimi çəkib işlətməsi və faizi ilə birlikdə yerinə qoymasına bənzəyir. Sonra o faiz hər kəsin qoyduğu pula görə bölüşdürülür. Yəni bankın kapitalı varlı insanların, sələmçilərin qurduğu və sahibkarı olduğu bir firma olan kommersiya bankından fərqlidir. Sərmayə müştərilərin ehtiyat üçün qoyduğu pulun depozit kimi deyil, kapital kimi istifadə edilməsi ilə formalaşır. Təbii, bankların idarəetməsi qanunla müəyyənləşir və ticarət məcəlləsi ilə tənzimlənir. Amma kapitalistlərə, zənginlərə deyil, adi insanlara məxsusdur. Bu sahibkarlar o qədər çoxdur ki, (10 milyona nəfərə qədər) toplanan sərmayə böyük kapitalistlərinkinə çatır və bank qlobal ölçülü rəqabət apara bilir (yalnız Fransada..!).
İdarə etməsi də əlbəttə ki, tipik sosialist fəlsəfəyə söykənir. Ortaya qoyduğun pul nə qədər olur olsun, bir səsin var və nümayəndələr seçirsən. O nümayəndələr də öz aralarında bir neçə nəfəri seçir. Bu heyət də bankı idarə edəcə mütəxəssisləri işə cəlb edir və nəzarət edir. Bankın səhmdarlar məclisi olmur, onun yerinə seçilmişlər məclisi olur və demokratiya ilə idarə olunur. Seçim isə pul qoyanların arasından edilir. Fransızlar belə bankın müştəri-sahibkarına « sosieter » deyirlər. Bunu öz dilimizə « birlikdaş » olaraq çevirmək olar. Bu səhmdar mənasına gələn « aksionerin » tərsidir. Səhmdarlar adətən sahib olduğu hissəyə əsasən səs sahibi olsalar da (məsələn kapitalın 30%-i), birlikdaşlar ortaya qoyduğu pul miqdarından asılı olmayaraq eyni səsə (1 səs) sahibdirlər. Birlikdaş olmaq isə müştəri olmaq qədər asandır. Banka əmanət qoymaq kifayət edir. İstənilən zaman da əmanətini geri çəkməklə birlikdaşlıqdan imtina edə bilinir. Bankın bütün digər fəaliyyətləri kommersiya bankı kimidir : kredit, birja əməliyyatı, valyuta işi, məsləhət, vasitəçilik və s.
Fransa 2008 maliyyə böhranından az itki ilə çıxdı. Bunun səbəblərindən biri də banklarda stresin zəif olması idi. Müştərilər pul qoyduqları bankın sahibkarı olduğu inancında olduqları üçün Amerikadan fərqli olaraq bankları məhkəmələrdə süründürən (haqlı olaraq!) davranışa girmədilər. Eləcə də senatorlar bank rəhbərlərini xalq adından sorğu etmədilər. Çünki, xalq bankdakı idarəçiləri də özü seçir. Eləcə də, bank sektorunun ən kritik faktoru olan inamsızlıq (əmanəti geri çəkmə, əmanət qoymama, kredit verməmə, hissə almama və s.) krizisi yaşanmadı. « Behavioural» (davranışçı) maliyyə nəzəriyyəsinə əsaslansaq, psixoloji amil olan inamsızlıq bank sektorunda ölümcül rola sahibdir. Kommersiya banklarının bir mənfi cəhəti də budur ki, səhmdarlar çox yüngülayaq olurlar. Ən kiçik sıxıntı çıxdıqda bir an öncə hissələrini satırlar. Bu da bəzən bankın bazar dəyərini sürətlə salır. Halbuki, qarşılıqçı bankda bu risk daha zəif olur. Belə ki, sosieterlər, yəni birlikdaşlar sayca çox, maddi vəziyyətcə fərqlidirlər. Onların iqtisadi proseslərə reaksiyası da « gil ayaqlı » səhmdarlar kimi olmur.
Bir sonuncu amil isə bu bankların ölkə iqtisadiyyatı ilə bağlı davranışında ortaya çıxır. Bunu 2008-ci il krizində Sarkozi ilə fransız bankları arasında ünsiyyət zamanı müşahidə etmək oldu. Banklar iqtisadi inkişafa yönəlik layihələri, hətta qeyri-rentabelli olsa belə maliyyələşdirirlər (Dövlət də bunu nəzərə alır…). Bunu edən kommersiya bankı ola bilməzdi. Qarşılıqçı bank bunu ona görə etmir ki, o xeyriyyəçidir. Ona görə edir ki, iqtisadiyyatın ümumi vəziyyəti yaxşılaşdıqda əksəriyyəti orta gəlirli insanlardan ibarət olan birlikdaşların vəziyyəti düzəlir ki, bu da özünü onların qoyduğu əmanətdə göstərir. Bu yönüylə belə banklar təkcə firmaların deyil, bütün iqtisadiyyatın sponsoru rolunda çıxış edirlər. Bu da Fransa kimi sosialist ölkələrdə xüsusi müsbət effekt verir. Bütün iqtisadiyyatın inkişafı fərdlərin, o da öz növbəsində bankların yolunu açır.