9 C
Baku
Thursday, December 12, 2024

Özünkülərdən öyrənmə: niyə digər sahələrdəki təcrübədən istifadə etmək vacibdir?

Dağıdıcı transformasiya və qeyri-müəyyənlik dövründə hər birimiz sürətlə dəyişən dünyada mümkün qədər tez öyrənməliyik: əvvəllər heç vaxt qarşılaşmadığımız problemləri təhlil etməliyik, düşünmədiyimiz imkanlara şərh bildirməliyik, hiss etmədiyimiz duyğularımızı yaşamalıyıq.

Məhz buna görə liderlər həmkarlarını əvvəllər işləmədikləri sahələrdəki mütəxəssislərdən öyrənməyə təşviq etməlidirlər, çünki bir sənayedə tətbiq olunan üsullar digərlərinə tətbiq olunduqda inqilabi ola bilər. Sahənizdən kənarda ilham axtarmaqdansa şirkətinizdə yeni ideyalar irəli sürün. Bəs bunun ən yaxşı yolu nədir? Sürətli öyrənmək istəyirsinizsə, yad insanlardan öyrənin.

Liderlərin və təşkilatların təliminə dair materiallarda Kristofer Boqan və Maykl İnqliş bir fəaliyyət sahəsindən götürülmüş ideyaların digərini necə tez dəyişdirə biləcəyini göstərən biznes tarixindən nümunə gətirirlər: “1912-i ildə Henri Ford Çikaqodakı qəssabxanada qəssabın ətləri necə kəsdiyini seyr edirdi. Onlar monorelsdə bərkidilmiş qarmaqlardan asılmışdı. Fəhlə öz işini gördükdən sonra əti digər işçiyə ötürürdü. Ekskursiya başa çatanda bələdçi soruşdu: “Nə düşünürsünüz?” Ford çönüb dedi: “Sağ ol, oğlum, məncə, sən mənə çox yaxşı ideya verdin”.

Və ya müasir nümunələrə nəzər salaq. The Wall Street Journal son məqaləsində  Çikaqonun həddindən çox yüklənmiş xəstəxanalarından birində din xadiminin tətbiq etdiyi üsuldan bəhs edir. O, tibb bacılarına COVID-19-un ilk dalğasının yaratdığı zehni və emosional streslə mübarizə aparmağı öyrədirdi.

Din xadimi (eyni zamanda müharibə veteranı) tibb bacılarının söhbətlərindəki replikalara diqqət yetirdi. O, döyüş bölgələrində xidmət edən əsgərlərdən də buna bənzər bir şey eşitdiyini başa düşdü. Keşiş müharibədə alınan travmanın öhdəsindən gəlməyə kömək etmək üçün orduda hazırlanmış konsepsiya və üsullar əsasında virusla mübarizə aparan tibb bacıları üçün dəstək proqramı yaratdı. “O, biz və müharibə veteranları arasında paralellər çəkdi. Mən 20 ildir ki, bu şöbədə çalışıram və hələ də komandamızın belə çətin günlər keçirdiyini görməmişəm. O, bunda bəzi oxşarlıq görəndə heyrətləndim ki, niyə özüm bu haqda düşünməmişəm!”.

Bir neçə il əvvəl Londonun kardiologiya şöbəsi ilə tanınan “Great Ormond Street Hospital” uşaq xəstəxanası mürəkkəb tibbi prosedurlar zamanı xəstələrin zəif təşkil olunmuş “köçürülmə” problemi ilə mübarizə aparırdı. Onda ürək cərrahiyyəsi və intensiv terapiya şöbələrinin müdirləri Martin Eliot və Alan Goldman, birlikdə işləyərkən komandanın ardıcıl hərəkətlərinin daha yaxşı təşkil olunduğu “Ferrari” mexaniklərinin təcrübəsini öyrəndilər.

Həkimlər və mexaniklər həm “Ferrari”nin “Formula-1” komandasının yarışlarında, həm də əməliyyatxanalarda işləyirdilər. Xəstəxanadakı yöndəmsiz təhvil-təslim prosesi mexanikləri təəccübləndirdi. Bundan əlavə, onlar səs-küyü müşahidə etdilər. Xəstəxana xəstələrin köçürülməsi prosesini yenidən təşkil etdi, nəticədə tibbi səhvləri sayı xeyli azaldı.

Siz yalnız konkret problemi həll etdiyiniz deyil, həm də digər hallarda fərqli sahələrdəki təcrübədən istifadə edə bilərsiniz. Polkovnik Din Esserman Rod-Aylend ştatının Providens şəhərinin polis rəisi vəzifəsində işlədiyi müddətdə israr edirdi ki, onların departamenti bütövlükdə orijinal ideyalara və yeni düşüncə tərzinə açıq olmalıdır.

Onun təşəbbüslərindən biri “Polislər və dəlillər” adlı inanılmaz yaradıcı proqram idi. Essermanın işçiləri çətin vəziyyəti müzakirə etmək üçün mütəmadi olaraq Braun Universitetinin Tibb Məktəbinin həkim görüşlərində iştirak edirdilər. Müstəntiqlər həkimlərin dəlilləri (xəstənin simptomlarını) təhlil edərkən, şahid ifadələrinin tədqiqini apararkən (test nəticələri) və günahkarı (xəstəliyi) müəyyənləşdirərkən diqqətlər dinləyirdilər.

Həkimlər isə öz növbəsində polislərin görüşlərində iştirak edərək onların ziddiyyətli və anlaşılmaz məlumatlarla necə davrandığını, şübhəli şəxslərin kənarda saxlanılmasını və işlərin açılmasını öyrənirdilər. Esserman qarşısına məqsəd qoydu: “tibb fakültələrində istifadə olunan metodlara bənzər metodların tədqiqi, kəşfi və yayılması üçün bir yerə çevrilmək”.

Son iki ildəki xaos və böhranın ortasında liderlər və təşkilatlar hər cür suallarla üzləşiblər. Və onlardan biri o idi ki, yeni ideyaları harada axtarmaq barədə fikirləriniz varmı? Söhbət innovasiya və həll yollarının tapılmasına gəldikdə, köhnəlmiş və vaxt aparan “R&D”ni xatırlatmaq yerinə düşər.

Təşkilatların ilk dəfə qarşılaşdıqları problemlərin öhdəsindən gəlməyin ən sürətli yolu – uzun müddət ərzində effektiv işləyən ideyalardan istifadə edən sahələrə nəzər yetirməkdir. Digər sahələrdə effektivliyini sübut etmiş strategiyaları tez bir zamanda tətbiq edə bildiyiniz halda niyə sınaqdan keçirilməmiş strategiyalara bahis edirsiniz? Liderlər dünya dəyişdikcə həmkarlarına öyrənməyə kömək edə bilərlər.

Müəllif haqqında

Bill Teylor (Bill Taylor) – “Fast Company”nin həmtəsisçisi və “Simply Brilliant: How Great Organizations Do Ordinary Things in Extraordinary Way” kitabının müəllifidir.

Son xəbərlər
Digər xəbərlər