21 C
Baku
Tuesday, October 8, 2024

Özünü Avropaya aid hesab edən ölkə və xalq…

Müəllif: Embawood: Strateji İdarəetmə Qrupunun rəhbəri və Qafqaz Universiteti Marketinq müəllimi Cəbrayıl Vəliyev

2007-ci ildən demək olar ki hər il və bəzən ildə bir neçə dəfə qonşu Gürcüstanda oluram. Həmin ildən indiyədək həmişə müşahidə etdiyim bir nüans var ki, hələ davam edir. Bu da digər ölkələrdən, xüsusilə də Azərbaycandan fərqli olaraq xalqı və hökümətiylə birlikdə Avropalı olmaq istəyidir…

Bəzən özlərini italyanlara, bəzən ispanlara bənzədən (bunu müxtəlif zamanlarda müxtəlif gürcülərin dilindən eşitmişəm) gürcülər Avropaya inteqrasiya sürəcində fikrimcə digər ölkələrdən daha səmimi olmuş və özlərini hazır olub olmamaqlarına baxmayaraq Avropalılarla eyni görməyə başlamışlar. Təbii ki, hər kəsin də həmişə dilə gətirdiyi istək və arzusudur.

Saakaşvili hakimiyyətdən getdiyi zaman ortaya çıxan bəzi söz-söhbətlər də Gürcüstanın yeni hökuməti və dövlət başçısı tərəfindən bu istiqamətdə heç bir fərqli siyasət yürüdülmədiyindən və daim Avropa inteqrasiyayönlü çıxışlarla öz təsdiqini tapmamaqdadır. Keçmiş hökumət tərəfindən ölkədə yaradılan müsbət tendensiyalar indi də davam edir, qorunur… Bu da xalqın özünün bu müsbət dəyişikliyi istəməsindən və bunu dəyər kimi qəbul etməsindən və bu müsbət dəyərləri qorumasından irəli gəlir.

Gürcüstanda istər Tiflisdə, istərsə Batumda dövlət əhəmiyyətli binaların çoxunun önündə neçə ildir ölkə bayrağı ilə birlikdə Avropa İttifaqının da bayrağı dalğalanır. Bu kiçik nüans olsa da mən digər ölkələrdə bunu görməmişəm. Bu nüanslar belə dediklərimi bir növ təsdiqləməkdədir. Yəni fikir və əməl birliyi də sürməkdədir…

Bu illər ərzində Ukraynada da olduğum üçün bu ölkəni də bu sürəc içində dəyərləndirsək, yenə həm hökuməti, həm də xalqı ilə səmimi istək və hərəkət edən ölkə kimi Gürcüstanın olduğunu qeyd edəcəm. Kiyevdəki son Maydan hadisələrinə baxmayaraq Ukraynada bütün xalqın eyni fikirdə olmadığını demək mümkündür. Qərb regionları, misal üçün Lvov daha çox Avropalı olmaq istəsə də şərqdə bu istək bütünlük daşımır.

Avropalı olmaq istəyi özünü bu və ya digər şəkildə biruzə etməlidir. Bu Gürcüstanda daha çox biruzə olunur. Bunun da əsas səbəbi məncə xalqı və hökumətiylə fikirdə bütünlükdür. Bu da digər ölkələrdən fərqli olaraq bu istiqamətdə bir addım öndə olmaq kimi dəyərləndirilə bilər…

Son xəbərlər
Digər xəbərlər