Azərbaycanda mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından özünü ölmüş kimi təqdim edən şirkət rəhbəri tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə R.Qəniyevin direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.
R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.
Rafət Qəniyevin avtomobilinin çox qısa müddətdə yanaraq kül olması istintaq aparan qurum tərəfindən şübhəli hal kimi qeydə alınıb. Bundan sonra avtomobildə aşkar olunan sümüklər tibbi ekspertizaya göndərilib. Ekspertiza gedən müddətdə Rafet Qəniyevin bütün yaxınları onu öldüyünü düşünüb, ona yas saxlayıblar.
Məhkəmə tibbi-ekspertizanın rəyindən sonra isə sümüklərin Rafət Qəniyevə aid olmadığı, mənşəyi bilinmədiyi ortaya çıxıb.
Bundan sonra əməliyyat-istintaq qrupu araşdırmalara başlayıb.
Üstündən 1 il keçdikdən sonra Rafət Qəniyev Bakının Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alıb. Bu zaman o hüquq-mühafizə orqanlarının peşəkar əməliyyat tədbirlərin nəticəsində saxlanılaraq istintaqa cəlb olunub.