12 C
Baku
Saturday, November 23, 2024

Özünütəcridə heç bir iqtisadiyyat dözməz

Bütün avtoritar və korrupsioner sistemlərdə (ikisi də olmalıdır) gücü olan çalışır iqtisadiyyatda harada renta yığma imkanı var ora hakim olsun. Bu sahələrin çoxu texnologiya və bilik baxımından qəliz olmayan sahələrdir. Çox vaxt savadsız, səriştəsiz amma ən yaxşı korrupsioner adamlar, hər cür maliyyə maxinasiyasını bilən adamlar yığışır bu sektorlara. Əlbəttə altlarında savadlılar da olur, amma onlara çox da puldan pay düşmür və səlahiyyət sahibi də olmurlar.

Qalan aqrar-sənaye sahələri ki, qəlizdir, mürəkkəb proseslər və idarəetmə, bilik-innovasiya tələb edir, ora yığışa bilmirlər, daha az acgöz və korrupsioner adamlar gəlir ora ki, bizə toxunmayın iş görək. Amma sistemdə vacib adamlar deyil deyə resursları da az olur. Məcbur olurlar tez nəticə göstərmək üçün xaricdən nəsə alıb gətirsinlər, əgər rejim özünü xalqa göstərmək üçün xariclə ticarəti bağlamırsa. Bu da iqtisadi cəhətdən avtoritar rejimi xaricdən asılı edir. Deməli həm də sanksiyalara məruz qoyur.

Rusiyanın vəziyyəti də belədir. Əlbəttə həm də təbii resurslarla zəngin ölkə olduğlarına görə dünya iqtisadiyyatı ilə bağlı haldadırlar. Resurs hara gedirsə oradan da pul gəlir. Asan deyil bu əlaqələri qoparmaq. Amma qopanda da təkcə özlərinə yox, qlobal iqtisadiyyata ziyan vurur. Elə qloballaşma da sülhün davam etməsində maraqlı edir tərəfləri. Ta ki, bir tərəf ağlını itirənə qədər. Bu qədər bir-birinə bağlanmış qlobal iqtisadi sistemdə özünü təcridə heç bir iqtisadiyyat dözməz.

Belə görünür bu şoklardan sonra dünya maliyyə-əmtəə bazarları və maliyyə-pul sistemi dəyişəcək. Bu qədər sanksiyaya hazır deyildilər və nəticələrini uzun müddət təhlil etmək lazım olacaq. Artıq Amerika höküməti rəqəmsal (digital) dollar üzərində işləmək üçün sərəncam verdi. FED onsuz da işləyirdi və proses sürətlənəcək. 2008 böhranından sonra yeni qlobal maliyyə sistemi arayışları güclənəcək.

İndiki vəziyyət imkan verir ki, maliyyə bazarları, əmtəə bazarları, şirkətlərin və bank sisteminin qarşılıqlı əlaqələrinin necə dayanıqlı olması test edilsin. Sistem özünü silkələsin, sanksiyalardan kim necə yayınacaq, Çin-Rusiya əlaqələri necə olacaq, bazarlar özlərinə necə taraz nöqtələr tapacaq və qlobal maliyyə axımları necə daha dayanıqlı ola bilər kimi stress testlər ediləcək.

Müəllif
Fariz Hüseynli
Şimali Dakota Universitetinin maliyyə üzrə dosenti

Son xəbərlər
Digər xəbərlər