Özünüməşğulluq nədir və bununla bağlı Azərbaycanda hansı işlər görülür?

Özünüməşğulluq sözü son zamanlarda dəbə girən sözlərdən hesab etmək olar. Lakin çox insan bu sözün özündə nə ehtiva etdiyini və Azərbaycanda bununla bağlı hansı işlərin görüldüyündən məlumatsızdır.

İlk olaraq, özünüməşğulluğun nə olduğuna baxaq. Bu sözü loru dildə ifadə etsək, o, işsiz insanların dövlət tərəfindən sahibkarlıq fəaliyyətinə, biznesə başlamasına köməklik göstərilməsi deməkdir. Azərbaycanda bununla bağlı xüsusi proqram da vardır. Bu proqramdan iştirak etmək üçün aşağıdakı addımlardan keçmək lazımdır:

  • Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında (Məşğulluq idarəsində) işsiz kimi qeydiyyatdan keçmək.
  • Özünüməşğulluq kriteriyalarına uyğun şəxslər müəyyən edilir. Yəni, bu şəxsin biznes qurmaq üçün tələb olunan biliklərinin, həvəsinin, biznes ideyalarının olması müəyyən edilir. Əgər belə bir potensial sizdə aşkarlanmazsa, o zaman siz bu proqramda iştirak edə bilməzsiniz.
  • Müəyyən edilən şəxslərə bir aylıq təlimlər keçirilir. Belə təlimlər həm Bakı, həm də digər regionlarda müəyyən vaxtlarda təşkil olunur. Bununla bağlı məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  müəyyən vaxtlarda verir.
  • Təlimləri uğurla bitirmiş şəxslərə biznes planının yazılmasında köməklik göstərilir. Ola bilər ki, onlara biznesin qurulması zamanı lazım olan avadanlıqlar, materiallar dövlət qurumu tərəfindən verilsin. Bu aktivlər şəxsə 2 illik müqavilə əsasında təqdim edilir.
  • Dövlət qurumları tərəfindən bu biznesin işləməsinə 2 il ərzində monitorinq edilir.
  • Müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

Mərhələlərdən göründüyü kimi, ilkin baxışdan nəzəri olaraq proqram çox maraqlı və əhali üçün olduqca faydalı şəkildə tərtib edilmişdir. Ümid edirik , onun reallaşmasında da əhalinin, biznes qurmaq istəyən işsiz şəxslərin maraqları qorunacaq.

Özünüməşğulluq proqramına qoşulmaq istəyənlərə yaşadıqları ərazidə KOBİA, Dost evi və ya Dost agentliyi olduğu halda, oradan qeydiyyatdan keçmələrini tövsiyyə edirik. Bu proses orada daha sürətli təşkil edilib.