İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında iştirak edib.
Vergi rəsmisi deputatların qaldırdığı məsələlər əsasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihələrində edilən dəyişikliklər barədə məlumat verib.
O, bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə mənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilib, həmçinin şəhid ailələrinə və müharibə əlillərinə göstərilən maddi yardımların gəlir vergisindən azad olunan məbləği 10 min manatdan 20 min manata qədər artırılıb, “Müharibədə yaralanan” anlayışı “Müharibə iştirakçıları” termini ilə əvəz olunub.
Bundan başqa, Milli Məclisin kənd təsərrüfatı məhsullarında istehsalçıdan sonra bütün növbəti həlqələrdə tətbiqi nəzərdə tutulan ƏDV-nin yalnız məhsulun ticarət əlavəsinə görə hesablanması ilə bağlı təklifi də nəzərə alınıb.
“Nağdsız hesablaşmalar haqqında” qanunda isə pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit də 4 min manat məbləğində müəyyən edilib.