Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergiödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda, sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.
Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, eyni zamanda, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 218.6.1-ci və 218.6.2-ci maddələrində göstərilən şərtlər ödənilmədikdə, sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilir.
Qeyd olunanlara əsasən, pərakəndə satış fəaliyyəti göstərən müəssisənin rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlarının həcmi ümumi əməliyyatların həcminin 30 faizindən çox olduğundan, sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnu itirir və 2023-cü ilin ikinci rübündən etibarən mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.