Pakistan Silahlı Qüvvələri Əfqanıstanın paytaxtı Kabula dörd zərbə endirib, bu barədə “Amaj News” məlumat yayıb. Hücum zamanı pilotsuz uçuş aparatlarından istifadə olunub. Zərbələr Taymani rayonundakı hədəflərə tuş gəlib.
“Reuters” agentliyinin hər iki tərəfdən rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, daha bir hava zərbəsi Əfqanıstanın cənubundakı Qəndəhar vilayətinə endirilib.
Ötən həftəsonu Kabuldakı mənbələr bir neçə Pakistan hərbi postuna hücumlar barədə məlumat verib, nəticədə 58 Pakistan əsgərinin öldürüldüyü bildirilib. Hücumun Əfqanıstan hava məkanının dəfələrlə pozulması ilə əlaqəli olduğu güman edilir.
Pakistan ordusu öz növbəsində 23 əsgərini itirdiyini və 200-dən çox talib və “onlarla əlaqəli terrorçunun” məhv edildiyini açıqlayıb. Bu gecə iki ölkə sərhədində toqquşmalar yenidən başlayıb. “AFP”nin məlumatına görə, azı 15 nəfər həlak olub.