Pakistan MCB Bankının Azərbaycanda törəməsi və əvvəllər lizinq şirkəti kimi fəaliyyət göstərən “MCB Bank Olmayan Kredit Təşkilatı” ASC 2021-ci ildə portfelini 4.511 mln. manat, yaxud 57% böyüdüb.
Bu barədə Banker.az BOKT-un illik audit hesabatına istinadla xəbər verir.
“MCB BOKT” 2021-ci ilin sonuna ümumi portfelini 12.417 mln. manata çatdırıb. Bununla da cəmi aktivləri 13.534 mln. manata çatmış olub.
Pakistan kapitallı BOKT-un uzun müddətli borcları 3.459 mln. manatdan 2.096 mln. manata düşüb, qısa müddətli borcları isə 0.019 mln. manatdan 5.376 mln. manata yüksəlib ki, bu da cəmi öhdəliklərinin 96% artımla 8.355 mln. manata çatmasını dəstəkləyib.
XALİS GƏLİRİ YÜKSƏLİB
“MCB” bank olmayan kredit təşkilatı hesabat ilində 1.839 mln. manat faiz gəliri, 0.446 mln. manat faiz xərci olub. İl ərzində 0.659 mln. manatlıq xalis mənfəət əldə edib. Bu da öncəki ildən xalis mənfəətin 34% çox olması deməkdir.
Bu xalis mənfəətdən sonra balansındakı bölüşdürülməmiş mənfəət 0.896 mln. manata yüksəlib.
Xatırladaq ki, “MCB” 2009-cu ilin oktyabr ayında lizinq şirkəti kimi yaradılıb, 2019-cu ilin aprel ayında isə BOKT-a çevrilib, 2021-ci ilin noyabrında lisenziya əldə edib. Onun nizamnamə kapitalı 4 283 675 manatdır. BOKT-un səhmdarları 99.94%-lik payla Pakistanın “MCB Bank”ı və 0.06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.