“Pakistan International Airlines” aviaşirkəti bu həftə Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlar yerinə yetirməyə başlayacaq.
Qurumdan Modern.az-a verilən məlumata görə, bu barədə AZAL prezidenti Pakistan və Bolqarıstan səfirləri ilə mülki aviasiya sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edərkən bildirilib.
Qeyd edilib ki, Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.
Cahangir Əsgərov bildirib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə stimul verəcək. Səfir Bilal Hayinin sözlərinə görə, müntəzəm reyslərin yerinə yetirilməsi Azərbaycan ilə Pakistan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yeni təkan verəcək.
AZAL prezidenti Cahangir Əsgərovun Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov ilə görüşündə tərəflər arasında ideyalar, proqnozlar, mülki aviasiya sahəsində mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb və iki ölkənin aviaşirkətləri tərəfindən əksepidemik məhdudiyyətlərdən çıxış üçün görülən tədbirlər barədə məlumat verilib. Görüş zamanı Cahangir Əsgərov və Nikolay Yankov Sofiya ilə Bakı arasında aviareyslərin bərpası perspektivlərini müzakirə ediblər.
AZAL prezidentinin sözlərinə görə, Azərbaycanın bütün hava limanlarında beşinci və yeddinci dərəcəli hava məkanı azadlığı tətbiq edilir. Cahangir Əsgərov qeyd edib ki, bu azadlıqlar bütün xarici aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşları heç bir məhdudiyyət qoyulmadan yerinə yetirməyə imkan verir.
Səfir Nikolay Yankovun sözlərinə görə, gələcək qarşılıqlı faydalı və sıx əməkdaşlıq iki ölkə arasında işgüzar və mədəni əlaqələrin inkişafına xidmət edəcək.