Palata “çirkli pulların yuyulması” ilə bağlı məsələni ABŞ-da müzakirə etdi

Beynəlxalq Valyuta Fondu ilə işgüzar əlaqələrin genişləndirilməsi, habelə maliyyə və bank sektorları üzrə beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) nümayəndələri Amerika Birləşmiş Ştatlarında səfərdə olub.

Səfər çərçivəsində Palatanın Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov və Bank Fəaliyyətinə Nəzarət Departamentinin direktoru İmran Məmmədov Beynəlxalq Valyuta Fondunun yaz görüşlərində, o cümlədən 18 aprel tarixində təşkil olunmuş “Qafqaz və Mərkəzi Asiya regionunda müxbir bank əlaqələrinin ləğv edilməsi” mövzusunda seminarında iştirak ediblər.

Bundan əlavə, səfər çərçivəsində Palatanın nümayəndələri tərəfindən ABŞ-ın Dövlət Departamenti, Xəzinədarlıq Departamenti və onun nəzdində fəaliyyət göstərən maliyyə kəşfiyyatı orqanı (FinCEN), Xarici Özəl İnvestisiyaları Korporasiyası və İxrac-İdxal Bankının yüksək rütbəli nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycan Respublikasının maliyyə-bank sektorunda aparılan islahatlar və əldə olunmuş nailiyyətlər, ixtisaslaşdırılmış beynəlxalq maliyyə təşkilatları ilə bu istiqamətdə həyata keçirilən əməkdaşlıq layihələri, o cümlədən çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı məsələlər müzakirə edilib.