2023-cü ilin Azərbaycanın dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividend gəlirləri 2021-ci ilin icra göstəricilərinə nisbətdə 2.5 dəfə, 2022-ci ilin proqnoz göstəricilərinə nisbətdə isə 3 dəfə artım olmaqla 321.2 mln. manat olmaqla proqnozlaşdırılıb.
Bu barədə Banker.az Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında” qanuna verdiyi şərhə istinad edir.
Artımın əsas səbəbi dövlət qeyri-maliyyə təşkilatları üzrə (220 mln. manat) proqnozun artırılması olub.
2023-cü ilin dövlət büdcəsi layihəsində dövlət qeyri-maliyyə təşkilatları üzrə dividend ödənişinin 200 mln. manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, 15 mln. manatı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, 5 mln. manatı isə “Azer Gold” QSC üzrə nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, 2022-ci ildə dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq dividendlər yalnız “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) üzrə 5 mln. manat nəzərdə tutulub ki, bundan da cari ilin 8 ayı ərzində 4 mln. manat dövlət büdcəsinə ödənilib. “Aqrarkredit” QSC-dən 2022-ci ilin büdcə layihəsində dividend ödənişi nəzərdə tutulmamasına baxmayaraq, 2021-ci ilin yekununa görə hesablanmış 0.2 mln. manat dividendin dövlət büdcəsinə ödənişi həyata keçirilib.
Ümumilikdə, təqdim olunmuş məlumatlara əsasən, bu mənbə üzrə 2022-ci ilin ötən 8 ayı ərzində 124.7 mln. manat məbləğində vəsait daxil olub ki, bunun da 120.5 mln. manatı ABB (“Azərbaycan Beynəlxalq Bankı” ASC), 0.2 mln. manatı “Aqrarkredit” QSC BOKT, 4 mln. manatı isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən dövlət büdcəsinə ödənilmiş, “Azər Türk Bank” ASC tərəfindən dividend ödənişi həyata keçirilməyib.
Qeyd etmək lazımdır ki, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan (nizamnamə kapitalının 75%-i) “Azər Türk Bank” ASC-nin xalis mənfəətinin 2021- ci ildə 0.5 mln manat təşkil etməsinə baxmayaraq, 2021-ci ildə və 2022-ci ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməyib. Büdcə gəlirlərinin təmin edilməsinin əhəmiyyətini nəzərə alaraq, “Azər Türk Bank” ASC tərəfindən bu sahədə ciddi inzibatçılıq tədbirlərinin görülməsini zəruri hesab edirik.
Qeyd edək ki, bəzi müəssisələr (“Azerbaijan International Telecom” (AzInTelecom)” MMC, “Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azərlotoreya” ASC) tərəfindən dövrün sonuna xalis mənfəətin əldə edilməsinə baxmayaraq bu mədaxil mənbəyi üzrə 2023-cü ildə daxilolma nəzərdə tutulmayıb. Eyni zamanda, ABB-nin maliyyə fəaliyyətinin nəticələri üzrə hesabatın göstəricilərinin təhlili müvafiq müəssisədən dividend ödənişləri üzrə potensialın olduğunu göstərir. Ümumiyyətlə, Palata bu mənbə üzrə movcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə, səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müvafiq təhlillərin aparılmasını məqsədəuyğun hesab edir.
Məlumatların təhlili göstərir ki, bəzi müəssisələrin idarəetməsinin də “Azərbaycan İnvestisiya Holdinqi”nə verilməsi müvafiq müəssisələr üzrə korporativ idarəetmə prinsiplərinin tətbiqi ilə mənfəətin artımına səbəb olub.