13.3 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Palata Gömrük Komitəsi ilə bağlı nə düşünür?

Hesablama Palatası ticarət tərəfdaşlarında qiymət artımlarının sürətlənməsi fonunda idxal mallarının dəyərinin yüksəlməsi, habelə depozit və tapşırıqlar hesabı üzrə qalıq məbləğlərinin olması şəraitində Dövlət Gömrük Komitəsi xətti ilə 2022-ci ildə təmin edilməsi proqnozlaşdırılan gəlirlərin reallaşdırılmasında əlverişli mühitin olacağı qənaətindədir.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Büdcə Zərfi” ilə bağlı verdiyi rəydə bildirilir.

Dövlət Gömrük Komitəsinin xətti ilə 2022-ci il üzrə təmin edilməli daxilolmalar 2021-ci ilin gözlənilən icrasına nisbətən 95 mln. manat və ya 2,3% çox, lakin ÜDM-də xüsusi çəkisinə görə isə 0,1 faiz bəndi az olmaqla 4260,0 mln. manat və ya ÜDM-in 4,9%-i həcmində proqnozlaşdırılır.

Palata qeyd edir ki, iqtisadiyyatın bərpasının hesabat dövründə və növbəti ildə də davam edəcəyinin proqnozlaşdırılması, inflyasiyasının yüksəlməsi gözləntiləri, malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərlərinin düzgün müəyyənləşdirilməsi üçün inzibatçılığın təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi, habelə bəzi mallar üzrə aksiz dərəcələrinin artırılması və DGK-nin depozit və tapşırıqlar hesabı üzrə qalıqlarının olması fonunda növbəti il üçün proqnozun cari ilin gözlənilən icra göstəricisinə nisbətən cəmi 95,0 mln. manat çox proqnozlaşdırılması DGK üzrə proqnozların yerinə yetirilməsində ciddi risklərin olmayacağını deməyə əsas verir.

Belə ki, 2022-ci ilin “Büdcə Zərfi”nə əlavə edilmiş izahatda Dövlət Gömrük Komitəsinin xətti ilə 2021-ci ilin gözlənilən icrasında qeyri-neft sektoru üzrə ƏDV-nin qeyri-neft ÜDM-də payı 5.1%, gömrük rüsumlarının qeyri-neft ÜDM-də payı 2% nəzərdə tutulsa da, 2022-ci ilə ƏDV-nin və gömrük rüsumlarının qeyri-neft ÜDM-də payları müvafiq olaraq 4.8% və 1.9% və ya 2021-ci ilin gözlənilən icralarına nisbətən 0.3 və 0.1 faiz bəndi az proqnozlaşdırılmışdır.

Gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə büdcə itkilərinin cari ilə nisbətən 2022-ci ilə proqnozlaşdırılan artım məbləği nəzərə alınmaqla 2022-ci ildə qeyri-neft sektoru üzrə ƏDV-nin və gömrük rüsumlarının qeyri-neft ÜDM-də xüsusi çəkilərinin 2021-ci ilin gözlənilən icrasında olduğu kimi 5.1% və 2% səviyyələrində saxlanılmasının təmin edilməsi şəraitində əlavə gəlir mənbələrinin mövcud olduğu görünür.

Eyni zamanda qeyd edilməlidir ki, əvvəlki illərin və 2021-ci ilin 8 aylıq göstəricilərinə əsasən xarici ticarətin iştirakçıları tərəfindən aparılmış idxal əmliyyatlarının 60%-dən çoxu səkkiz ölkənin payına düşür. İdxal əməliyyatlarında xüsusi çəkisi yüksək olan həmin ölkələrdə inflyasiya dərəcələrinin yüksəlməsi gözləntiləri idxal edilən malların invoys dəyərlərinin artmasını şərtləndirir ki, bu da son nəticə olaraq gömrük ödənişlərinin artımını şərtləndirir .

232312 1

Bununla yanaşı, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2021-ci ilin səkkiz ayı ərzində 97 mal qrupundan 9 mal qrupu istisna olmaqla, digər mal qrupları üzrə idxal edilmiş malların qiymət indeksləri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2.6 – 79.4 faiz intervalında, o cümlədən “bitki mənşəli məhsullar” üzrə 12.7%, “qeyri-üzvi kimya sənayesinin və onunla əlaqədar sənaye sahələrinin məhsulları” üzrə 24.7%, “hazır qida məhsulları, alkoqollu və alkoqolsuz içkilər və sirkə, tütün və onun əvəzediciləri” üzrə 25.8%, “hopdurulmuş, üzlüklü və ya təkrarlanmış tekstil materialları, texniki təyinatlı tekstil materialları” üzrə 79.4% artmışdır. 2022-ci ildə dünya bazarlarında əmtəə qiymətlərinin artım gözləntiləri xarici ticarətin iştirakçıları tərəfindən idxal ediləcək malların qiymətlərinin də yüksək olacağını göstərir.

Son xəbərlər
Oxşar xəbərlər
X