14 C
Baku
Thursday, November 21, 2024

Palata: İşğaldan azad edilmiş ərazilərdə sosial ödəmələrin subsidiyalaşdırılması artacaq Maliyyə

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinin genişlənməsi fonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan sığortaedənlərin və sığortaolunan şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması artacaq.

Bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Xatırladaq ki, “Sosial sığorta haqqında” qanuna əlavə edilmiş maddəyə əsasən, 2033-cü ilə qədər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlərin (sığortaolunanların) ödədiyi sosial sığorta haqqının müvafiq hissəsi subsidiyalaşdırılır.

Fondun təqdim etdiyi məlumatlara əsasən, ötən il 4 sığortaedən və 255 sığortaolunan üzrə ödənilmiş 85,7 min manat, bu ilin i yarısında isə 4 sığortaedən və 178 sığortaolunan üzrə ödənilmiş 73,8 min manat sosial sığorta haqqı subsidiyalaşdırılıb. Yanvar-iyun aylarında subsidiyalaşdırılmış sosial sığorta haqları ötən ilin ümumi göstəricisinin 86,1 %-i qədər olub. Eyni zamanda, 6 ayda güzəştdən yararlanmış sığortaedənlərin sayı ötənilki göstərici ilə bərabər, subsidiyalaşdırılmış sosial sığorta ilə əhatə olunan sığortaolunanların sayı isə ötən ilin ümumi göstəricisinin 69,8 %-i qədər olub.

“İşğaldan azad olunmuş torpaqlarda yaşayış massivlərinin salınması, habelə infrastrukturun yaradılması ilə bağlı aparılan işlər zamanla burada fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin çoxalması ilə müşayiət olunacaq. Dövlətin istər vergi, istərsə də məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sahəsində həyata keçirdiyi güzəştlər bu ərazilərdə məskunlaşma və biznesin inkişafının sürətlənməsinə böyük təkandır. Ötən illə müqayisədə cari ilin göstəricisində müşahidə olunan nəzərəçarpacaq artım tempi gələcək illərdə müvafiq istiqamət üzrə büdcə vəsaitinə olan ehtiyacın artması ilə müşayiət olunacaq. Bu baxımdan Hesablama Palatası önümüzdəki illərdə subsidiyalaşma ilə əlaqədar dövlət büdcəsindən ayrılacaq vəsaitin Fondun büdcə gəlirlərində ayrı maddə üzrə uçotunun aparılmasının məqsədə müvafiq olduğu qənaətindədir”, – deyə Rəydə qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər