“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflər istiqamətində Azərbaycan qiymətli kağızlar bazarında aparılan islahatların və təkmilləşmələrin davamı olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmış “Marja ticarətinə dair Qaydalar” qüvvəyə minmişdir.
Banker.az Palataya istinadən xəbər verir ki, bu Qaydalar Azərbaycan maliyyə bazarlarında ilk dəfə foreks əməliyyatları (fərq müqavilələri) üzrə qabaqcıl ölkələrin praktikasına uyğun tənzimləmə və nəzarət mexanizmlərini müəyyən edir.
Foreks əməliyyatları maliyyə bazarlarında ən riskli əməliyyatlardan biri hesab olunur və bu bazarda iştirak edən investorların böyük əksəriyyəti qısa müddətdə böyük risklərlə qarşılaşırdılar.Bu sahənin indiyədək tənzimlənmə çərçivəsi beynəlxalq standartlara uyğun olmadığı üçün investorların hüquqlarının qorunmasında çətinliklər yaranırdı. İOSCO standartlarına tam cavab verən “Marja ticarətinə dair Qaydalar” foreks əməliyyatları üzrə investorların hüquqlarının qorunmasını tam təmin edir, investorların bazarda yaranmış qiymət volatilliyi səbəbindən qarşılaşa biləcəyi risklərinin azaldılması üzrə tələbləri müəyyən edir. Belə ki, bu xidməti göstərən investisiya şirkəti investorları foreks əməliyyatlarından irəli gələn risklərlə tanış etməli, onlara foreks əməliyyatları üzrə mütləq gəlir və ya zərərə qarşı təminat barədə vədlər verməməlidir.
Bu sahədə peşəkar olmayan investorlar foreks bazarında iştirakdan əvvəl investisiya şirkətinin təqdim etdiyi və real bazar qiymətləri ilə işləyən təlim hesabından beş iş günü ərzində ən azı 30 əməliyyat həyata keçirməlidir. Eyni zamanda, investorların apardığı əməliyyatlar investisiya şirkəti tərəfindən gücləndirilmiş elektron imza ilə möhürlənərək saxlanmalı, investisiya şirkətində uçotu aparılmalı, Palataya və Bakı Fond Birjasına bu barədə hesabatlar təqdim edilməlidir. Mütərəqqi hesabatlıq sistemi foreks əməliyyatları üzrə məlumatların tamlığını, düzgünlüyünü və toxunulmazlığın təmin edəcək, investisiya şirkəti tərəfindən həmin məlumatlara kənar müdaxilənin və ya onların təhrif edilməsinin qarşısını alacaqdır.
“Marja ticarətinə dair Qaydalar” eyni zamanda bazarın liberallaşmasını təmin edir, vahid platforma əvəzinə bütün investisiya şirkətlərinə ticarət platformasına dair sərbəst seçim imkanı verərək onların bazarda iştirakını stimullaşdırır, rəqabətliliyi artırır, nəticədə investisiya şirkəti tərəfindən investorlara daha yaxşı qiymət kotirovkalarının təqdim edilməsinə imkan yaradır.