18 C
Baku
Thursday, April 18, 2024

Palata (MBNP) ləğv olunduğu gündə qüvvəyə minən qərarı

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv olunmasına 7 gün qalmış “Kənd təsərrüfatı sığortasında riskləri və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran xarici fiziki şəxslərin bu fəaliyyətə cəlb edilməsi üçün yararlılıq tələbləri”nə dair qaydalarını təsdiq edibmiş.

Bu barədə “Banker.az” əldə etdiyi sənədə istinadən bildirir.

Belə ki, bununla bağlı qərarı 21 noyabr 2019-cu il tarixdə MBNP (buna qədər ləğv olunmamışdı) İdarə Heyətinin vəzifəsini icra edən İbrahim Alışov təsdiq edibmiş.

Qərar 28 noyabr 2019-cu il tarixindən (yeri gəlmişkən MBNP bu tarixdə ləğv edilib) qüvvəyə minib.


Sənəddə deyilir,

1. Ümumi müddəalar

1.1. Bu Tələblər “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının 6.1-ci bəndinə müvafiq olaraq hazırlanmış və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici fiziki şəxslərin aqrar sığorta sistemində kənd təsərrüfatı sığortası üzrə risklərin və (və ya) zərərlərin qiymətləndirilməsi, habelə sığorta hadisələrinin araşdırılması fəaliyyətinə cəlb edilməsi üçün yararlılıq tələblərini müəyyən edir.

1.2. Bu Tələblərdə istifadə olunan anlayışlar “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş mənaları ifadə edir.

2. Yararlılıq tələbləri

2.1. Kənd təsərrüfatı sığortasında riskləri və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran xarici fiziki şəxs (bundan sonra – xarici fiziki şəxs) Azərbaycan Respublikasının aqrar sığorta sistemində fəaliyyətə cəlb olunmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:

2.1.1. müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağa qoyulmamalıdır;

2.1.2. aşağıdakı sahələrin hər hansı biri üzrə ali yaxud peşə və ya orta ixtisas təhsilə malik olmalı, fəaliyyətə cəlb olunacağı müvafiq sahə üzrə rezidenti olduğu ölkənin müvafiq səlahiyyətli orqan tərəfindən müstəqil ekspert fəaliyyətinə icazə verilməli, həmçinin müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsinə malik olmalı və son 3 il ərzində müvafiq sahə üzrə fəaliyyət göstərməlidir:

2.1.2.1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik;

2.1.2.2. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar;

2.1.2.3. akvakultura.

2.1.3. tam fəaliyyət qabiliyyətli olmalıdır;

2.1.4. “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 7.3-cü maddəsi ilə müəyyən edilmiş dövlətlərin “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş rezidenti olmamalıdır.

2.2. Xarici fiziki şəxsin göstərdiyi digər fəaliyyəti ilə bağlı maraqlarının sığorta müqaviləsi üzrə riskləri və zərərləri qiymətləndirməsinə, habelə sığorta hadisələrini araşdırılmasına dair müstəqil qərar qəbul etməsinə, səlahiyyətlərini həyata keçirməsinə xələl gətirməsinə imkan verən hallar mövcud olduqda həmin xarici fiziki şəxs müvafiq sığorta müqaviləsi üzrə fəaliyyət göstərə bilməz.

2.3. Bu Tələblərin hər hansı birinə cavab verməyən şəxs və ya həmin Tələbləri pozan xarici fiziki şəxs aqrar sığorta orqanı tərəfindən fəaliyyətə cəlb edilmir.

3. Sənədlərin və məlumatların təqdim edilməsi

3.1. Aqrar sığorta sistemində fəaliyyət göstərmək istəyən xarici fiziki şəxslər aşağıdakı sənədləri aqrar sığorta orqanına təqdim edir:

3.1.1. Müraciət ərizəsi;

3.1.2. rezidenti olduqları ölkənin müvafiq səlahiyyətli orqanı tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən sənədin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti;

3.1.3. bu Tələblərin 2.1.1.-2.1.2.-ci yarımbəndlərində müəyyən edilmiş tələblərə cavab verdiyini təsdiq edən sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti.

3.2. Bu Tələblərin 3.1-ci bəndində müəyyən edilmiş sənədlər Azərbaycan Respublikasının dövlət dilinə tərcümə edilməlidir.

3.3. Bu Tələblərin 2.1.1-ci yarımbəndində qeyd olunan tələblərə uyğunluğu təsdiq edən sənədlər rezidenti olduğu ölkənin müvafiq səlahiyyətli orqanı tərəfindən verildiyi tarixdən etibarən hər iki ildən bir yenilənərək aqrar sığorta orqanına təqdim edilməlidir.

3.4. Xarici fiziki şəxslərin aqrar sığorta orqanı tərəfindən fəaliyyətə cəlb edildikdən sonra bu Tələblərlə tələb olunan məlumatlarda və ya sənədlərin məzmununda dəyişiklik olduqda, habelə müstəqil ekspert fəaliyyəti ilə məşğul olmaq hüququ məhdudlaşdırıldıqda, dayandırıldıqda və ya ləğv edildikdə həmin şəxs bu barədə dəyişikliyin baş verməsindən ən geci 30 gün müddətində aqrar sığorta orqanına məlumat verməlidir.

Son xəbərlər
Digər xəbərlər