Azərbaycanda qeyri-büdcə sektorundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) daxilolmalarla bağlı əlavə potensial var.
Bu barədə Hesablama Palatasının Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Qurum 2023-2024-cü illər üzrə qeyri-büdcə sektorundan daxilolmaların və makrogöstəricilərin davranış meyllərini diqqətə alaraq, həmçinin əvvəlki rəylərində bu istiqamətdə qeyd etdiyi təkliflərin reallaşdığını vurğulayaraq növbəti il üçün qeyri-büdcə sektorundan gəlirlərin məbləğinin artırılması istiqamətində potensialın mövcud olduğu qənaətindədir.
Xatırladaq ki, gələn il DSMF-nin gəlirlərinin 7 milyard 676,4 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,45 % çoxdur.
Gəlirlərin 7 milyard 617,4 milyon manatı onun büdcə gəlirləri (13,3 % çox), 59 milyon manatı isə Fondun 2025-ci il yanvarın 1-nə yaradılacaq ehtiyatı (74 % az) hesabına formalaşdırılmalıdır.
Büdcə gəlirlərinin strukturundə əsas yeri həmişəki kimi məcburi dövlət sosial sığorta haqları tutacaq. Gələn il bu istiqamətdə daxilolmaların bu ilə nisbətən 9,5 % çox – 5 milyard 997,4 milyon manat olacağı proqnozlaşdırılır. O cümlədən, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 7,1 % artaraq 1 milyard 791,5 milyon manat, büdcədən maliyyələşən təşkilatlardan işləyənlər üzrə daxilolmalar 7,1 % artaraq 244,3 milyon manat, qeyri-büdcə sektorundan daxilolmalar isə 17 % artaraq 3 milyard 961,6 milyon manat təşkil etməlidir.