“Maliyyə xidmətləri hələ də əhali üçün bahadır”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Kredit Büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
“İnsanların ən çox istifadə etdikləri maliyyə xidməti bank kreditləridir. Amma kreditlərin aybaay azalmasını müşahidə edirik. Burada digər amillərlə yanaşı, kreditlərin maya dəyərinin artması da rol oynayır.
Kredit bürosunun yaradılması bankların kredit tarixçəsini müəyyənləşdirməklə bağlı xərclərini, məsrəflərini azaldacaq ki, bu da son nəticədə bank kreditlərinin ucuzlaşmasına aparacaq”, – deyə o qeyd edib.
Palata rəhbəri qeyd edib ki, hazırda bank aktivlərində əsas yeri kreditlər tutur: “Cəmi bank aktivləri 29 milyard manatdırsa, bunun 15 milyard manatı kredit, 6 milyard manatı nağd vəsait, 2-3 milyard manatı isə digər vəsaitlərdir”.
“Palatanın gördüyü son tədbirlər nəticəsində artıq əhalinin əmanətləri artmağa başlayıb ki, bu da əhalinin banklara inamının bərpasını göstərir. Lakin kreditlərdə hələlik azalma davam edir”, – deyə R.Aslanlı bildirib.
Qeyd edək ki, “Kredit büroları haqqında” qanun layihəsi müzakirədən sonra plenar iclasa tövsiyə olunub.
Report