Palata yenə bahalaşmadan danışır – Deyir, yeni tikililərdə kvadratmetr 2 900 manata yaxınlaşır

Azərbaycanda yeni tikili mənzillərin qiymətlərində artım davam edir. Lakin mənzil bazarında bahalaşma fonunda tikinti sektorunun əsas iqtisadi göstəriciləri zəifləyir. Tikintiyə investisiyalar azalır, sektorda işgüzar inam son ayların ən aşağı səviyyəsinə düşür, yeni sifarişlər üzrə gözləntilər isə mənfi zonada qalır.

Banker.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin oktyabr ayı üzrə hesabatına əsasən, yeni tikili mənzillərin bir kvadratmetrinin median satış təklifi sentyabrdakı 2 850 manatdan 2 888,9 manata yüksəlib.

Aylıq artım 1,4%, 2025-ci ilin dekabr ayı ilə müqayisədə isə 9,4% təşkil edib. Yeni tikili mənzillərin median ümumi satış təklifi 271 min manatdan 275 min manata çatıb.

Bununla belə, bahalaşmanın sürətində zəifləmə müşahidə edilir. Sentyabrda yeni tikili mənzillərin qiyməti aylıq 2,8% artdığı halda, oktyabrda bu göstərici 1,4%-ə enib. Başqa sözlə, bazarda qiymətlər yüksəlməkdə davam etsə də, artım tempi yarıbayarı azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin üçüncü rübündə ilkin mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 1,3%, ötən ilin eyni dövrünə nəzərən isə 10,4% yüksəlib. Ümumi mənzil bazarında illik bahalaşma 8,4% olub.

Beləliklə, həm AQP-nin, həm də DSK-nin statistikası yeni tikili mənzillərin bahalaşdığını göstərir. Ancaq qurumların göstəriciləri fərqli dövrləri və metodologiyaları əhatə edir. AQP əsasən bazardakı satış təkliflərini izlədiyindən, onun açıqladığı median qiymətləri mənzillərin faktiki alqı-satqı məbləği kimi qiymətləndirmək düzgün deyil.

Tikintidə vəziyyət isə mənzil qiymətlərindən fərqli istiqamətdə dəyişir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–sentyabr aylarında ölkə iqtisadiyyatının tikinti sektorunda yaradılan əlavə dəyər real ifadədə 8,7% azalıb. Halbuki eyni dövrdə ümumi iqtisadiyyat 1,5% böyüyüb.

Üstəlik, doqquz ayda əsas kapitala investisiyalar 10,9% artaraq 14,69 milyard manata yüksəlsə də, yaşayış evlərinin tikintisinə yönəldilən vəsaitlər 3,1% azalaraq 2,07 milyard manat təşkil edib.

Tikinti sektorundakı zəifləmə Azərbaycan Mərkəzi Bankının (AMB) real sektor monitorinqində də öz əksini tapıb. Sentyabr ayında tikinti sektorunun inam indeksi avqustdakı mənfi 32,3 bənddən mənfi 40,4 bəndə düşüb. Bu, 2026-cı ilin ən aşağı göstəricisidir. Müqayisə üçün, ötən ilin sentyabrında indeks mənfi 4,4 bənd idi.

Tikinti müəssisələrinin son üç ayda icraya qəbul etdiyi sifarişlər üzrə sorğu göstəricisi mənfi 60,7 bəndə, növbəti üç ayda işçilərin sayının dəyişməsi gözləntiləri isə mənfi 20,2 bəndə enib.

Bu göstəricilər tikinti şirkətlərinin işgüzar mühitə münasibətinin pisləşdiyini göstərir. İnam indeksi faktiki tikinti həcminin faizlə dəyişməsi deyil, müəssisələrin sifarişləri və məşğulluq gözləntiləri əsasında hesablanan sorğu göstəricisidir.

Digər tərəfdən, tikinti xərcləri də yüksək səviyyədə qalır. AQP-nin sentyabr ayı üzrə Tikinti İndeksi 110,2 bənd təşkil edib. Bu, 2025-ci ilin dekabr ayı ilə müqayisədə tikinti xərclərinin 10,2% artması deməkdir. Lakin sentyabrda indeks avqusta nəzərən dəyişməyib.

Diqqətçəkən məqamlardan biri də Azərbaycan Qiymətləndiricilər Palatasının son dövrlərdə mənzil bazarında bahalaşma ilə bağlı mütəmadi açıqlamalar verməsidir. Bu cür məlumatlar ayndındır ki bazardakı qiymət meyillərini əks etdirə bilər, lakin alıcı və satıcıların gözləntilərinin formalaşmasında da müəyyən rol oynaya bilər. Xüsusilə qiymət artımının davamlı şəkildə ön plana çıxarılması bazar iştirakçıları arasında bahalaşma gözləntilərini gücləndirə bilər.

Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, 2026-cı ilin ilk üç rübündə İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən kreditlərin həcmi ötən ilin eyni dövrünə nisbətən 4,6% və ya 16,3 milyon manat artaraq 370,7 milyon manata çatıb.

Bununla belə, həmin dövrdə Fond tərəfindən yenidən maliyyələşdirilən ipoteka kreditlərinin həcmi 5,6% azalaraq 289,3 milyon manata, istiqraz yerləşdirmələri isə 27,3% azalaraq 400 milyon manata düşüb.

Bu arada, Mərkəzi Bankın sonuncu “Maliyyə Sabitliyi Hesabatı”nda ipoteka kreditlərinin əlçatanlıq indeksinin də son aylarda aşağı düşdüyü görünür. Belə ki, 2026-cı ilin iyununda indeks 121% təşkil edib. Eyni zamanda, yeni verilən ipoteka kreditləri üzrə orta faiz dərəcəsi illik müqayisədə 0,3 faiz bəndi artaraq 10,72%-ə, bankların daxili resursları hesabına verilən ipoteka kreditləri üzrə isə 12,76%-ə yüksəlib.

534534

Mərkəzi Bankın məlumatına görə, mənzil qiymətlərinin artması fonunda ipoteka əlçatanlığı dəyişkən dinamika nümayiş etdirsə də, indeks hələlik 100%-lik həddən yüksəkdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər