2025-ci ilin ilk üç rübündə Azərbaycan xam palma yağı və onun fraksiyalarının idxalını əhəmiyyətli dərəcədə azaldıb. 2024-cü ilin eyni dövründə 48,9 min ton olan idxal həcmi 2025-ci ildə 31,1 min tona düşüb.
Banker.az xəbər verir ki, bu, illik müqayisədə 36,5% azalma deməkdir. İdxalın ümumi məbləği 57,96 milyon dollardan 43,59 milyon dollara enib, yəni 24,8% azalma baş verib.
Dəyərin miqdardan daha az düşməsi orta idxal qiymətinin qalxması ilə əlqəqəlidir. 2024-cü ildə bir ton üçün təxminən 1 184 dollar təşkil edən orta qiymət 2025-ci ildə 1 403 dollara qalxıb.
Ölkələr üzrə göstəricilərə baxdıqda İndoneziya üzrə idxal həcmi təxminən sabit qalıb. 2024-cü ildə 25,77 min ton olan idxal 2025-ci ildə 25,82 min ton olub ki, bu da 0,19% artım deməkdir. Lakin dəyər ifadəsində artım daha yüksəkdir. İndoneziya mənşəli idxalın məbləği 21,7% artaraq 35,9 milyon dollara çatıb.
Malayziya üzrə vəziyyət tam əksinədir. Bu istiqamətdən idxal həcmi 23,18 min tondan 5,26 min tona düşüb ki, bu, 77,3% azalma deməkdir. Dəyər ifadəsində də ciddi eniş qeydə alınıb: 28,4 milyon dollardan 7,66 milyon dollara qədər 73% azalma olub.
Qeyd edək ki, palma yağının qiymətini müəyyən edən Kuala-Lumpur birjasında hər ton üzrə 1000 dollara ticarət edilir.







