“Azərbaycanda pambıq istehsalı üzrə torpaq, qida maddələri və su ilə bağlı ağıllı kənd təsərrüfatı təcrübələrinin genişləndirilməsi” layihəsi çərçivəsində Pakistandan ölkəyə gətirilən 7 pambıq sortunun toxumlarından istifadə nəticəsində hər hektarın məhsuldarlığı 3 tondan 8 tona çatdırılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sortlar arasında “Cotton Super” sortu ən yüksək məhsuldarlıq göstəriciləri ilə digərlərindən fərqlənib.
Layihə çərçivəsində Pakistanın Faysalabad və İslamabad şəhərlərində “Asiyada torpağın münbitliyini yaxşılaşdırmaq, şoranlıqla mübarizə aparmaq, qida maddələri və sudan istifadə səmərəliliyini artırmaq və əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq üçün iqlim əsaslı ağıllı kənd təsərrüfatı” mövzusunda keçirilən təlimdə Azərbaycanın nümayəndə heyəti iştirak edib.