Panama Amerika gəmilərinin Panama kanalından keçməsi üçün rüsumlardan imtina edib, bu barədə Dövlət Departamenti “X” sosial şəbəkəsində yazıb.
“İndi ABŞ gəmiləri Panama kanalından heç bir ödəniş etmədən keçə biləcək ki, bu da ABŞ hökumətinə ildə milyonlarla dollar qənaət etməyə kömək edəcək”, – mesajda deyilir.
Xatırladaq ki, daha əvvəl Donald Tramp Panama kanalından keçmək üçün “gülməli dərəcədə yüksək tariflərdən” şikayət etmişdi və onu ABŞ-nin nəzarətinə qaytarmaqla hədələmişdi. Panama prezidenti Xose Raul Mulino Amerika prezidentinin təhdidlərinə cavab olaraq bildirib ki, kanalın hər metri Panamaya məxsusdur.
Yanvarın 20-də andiçmə mərasimində çıxış edən Donald Tramp Panama kanalına Çinin nəzarət etdiyini vurğulayaraq, deyib: “Biz onu Çinə deyil, Panamaya vermişdik”. ABŞ prezidentinin bəyanatından sonra Panamanın BMT-dəki daimi nümayəndəliyi BMT-nin baş katibi Antonio Quterreşə şikayət ünvanlayıb.
Fevralın 3-də ABŞ-nin dövlət katibi Marko Rubio Panamada olub və burada Panama prezidenti Raul Mulino ilə görüşüb. Danışıqlardan sonra Panama “Bir kəmər, bir yol” təşəbbüsü üzrə Çin ilə anlaşma memorandumunu uzatmaqdan imtina edib.