Azərbaycan Beynəlxalq Bankı 2020-ci ildə pandemiyanın iqtisadi aktivliyi zəiflətməsinə rəğmən, kredit və qiymətli kağızlar bazarında xeyli mövqe qazana bilib.
2020-ci il pandemiyaya görə bankların kredit vermə imkanı üçün zəif illərdən biri oldu. Əksər banklarda kredit portfelləri kiçilib. Ölkədə bir çox banklar kreditləşmədə (müştəri və BOKT-lar üçün) tam iştirak imkanın azaldığını görərək, öhdəliklərini müəyyən mənada qarşılamaq üçün qiymətli kağızlar bazarına üz tutdular.
Lakin, Beynəlxalq Bank 2020-ci il ərzində kredit portfelini 9.9 faiz, qiymətli kağızlar üzrə portfelini isə 45.8 faiz artırıb, banklar və digər maliyyə institutlarına verdiyi depozitlərin həcmi isə 22.8 faiz azalıb. Bu barədə Banker.az ABB-nin 2020-ci il üzrə təqdim etdiyi maliyyə hesabatına istinadən xəbər verir.
Bankın kredit portfelinin həcmi 2 609.1 milyon manat olub. Burada 599.93 milyon manat istehlak krediti (illik: +17.9%), 1 323.36 milyon manatı biznes krediti (+5.8%) və 685.81 mln. manatı isə daşınmaz əmlaka verilən kreditlər təşkil edib (11.5%). ABB 2020-ci il ərzində müştərilərə verdiyi kreditdən 242.19 milyon manat faiz gəliri əldə edib.
Bankın qiymətli kağızlar üzrə portfeli 1 267.98 milyon manatı ötüb. Öncəki illərdə ABB-nin əsasən AMB və Maliyyə Nazirliyinin qiymətli kağızları üzrə portfelini formalaşdırdığı müşahidə edilir. ABB 2020-ci il ərzində əldə etdiyi qiymətli kağızlardan 48.64 milyon manat gəlir əldə edib.
ABB-nin illərdi aktivlərinin ən önəmli hissəsi olan banklar və digər maliyyə institutlarındakı depozitlərin həcmi azalıb. Bu portfelin həcmi 2 484.85 milyon manat təşkil edib. Öncəki illə müqayisədə digər banklardakı depozitlərinin 731.92 milyon manat “əridiyini” görünür. ABB-nin bu portfel üzrə gəlirləri 98.06 milyon manata düşüb – bu öncəki illə müqayisədə 40.9 faiz azalması deməkdir.
Beynəlxalq Bankın aktivlərinin 166 milyon manatı əmlak, 17.97 milyon manatı isə qeyri-maddi aktivlər təşkil etmişdir.