İqtisadçı Pareto aşkar etmişdir ki, material dəyərlər yekcins olmayan bölüşdürülməyə malikdirlər(eyni halı Yuran zay məhsul barəsində də müşahidə etmişdi).
Biz bir sıra digər sahələrə də müraciət edə bilərik – cinayətlərin canilər arasında, qəzaların yüksək təhlükəyə malik texnoloji proseslər arasında bölüşdürülməsi və s. Paretonun qeyri-bərabər bölüşdürülmə prinsipi material dəyərlərin və keyfiyyət itkisinin bölüşdürülməsinə də tətbiq edilə bilər.
Yuranın nəzəriyyələri iri amerikan sənayeçilərini maraqlandırmadı. 1953-cü ildə Yuranı Yaponiyaya məruzələrilə dəvət etdilər və burada o, yeni ideyaları qəbul etməyə hazır olan auditoriyasını tapdı. Yuran Yaponiyada qalaraq bir neçə yapon korporasiyaları ilə işləyərək istehlak məhsullarının keyfiyyətinin, onların alıcılar üçün dəyərlərinin yüksəldilməsi məsələləri ilə məşğul olmağa başladı. 1970-ci ildən sonra, amerikan sənayesinə yapon təhlükəsi aşkar olduqda Qərb Yuranı ciddi qəbul etməyə başladı və Yuran yapon sənayesi üçün etdiklərini amerikan sənayesi üçün də etməkdən ötrü ABŞ-na qayıtdı. Bu qlobal keyfiyyət inqilabının bünövrəsində 80/20 Prinsipi dayanırdı.
1960 — 1990-cı illər: 80/20 Prinsipi təkamülü hərəkətə gətirir.
80/20 Prinsipini nəzərə alan və daha uğurlu istifadə edən ilk korporasiyalardan biri “Ay-Bi-Em”(İBM) olmuşdur. Məhz buna görə də 1960-1970-ci illərdə peşəkar hazırlıq görmüş kompüter sistemləri üzrə mütəxəssislərin çoxu bu nəzəriyyə ilə tanışdır.
1963-cü ildə İBM-də müəyyən etdilər ki, kompüter zamanının 80%-i proqram əmrlərinin 20%-ni işləməyə sərf olunur. Şirkət dərhal sistem proqram təminatını elə dəyişdi ki, daha çox istifadə olunan 20%, istifadəçi üçün daha əlverişli və rahat olsun, bu da İBM kompüterlərini rəqiblərinkinə nisbətən daha effektiv və cəld etdi.
Şəxsi kompüter və yeni nəsil üçün proqram təminatı işləyib hazırlayanlar, məsələn, “Apple”,”Lotus”,”Microsoft” 80/20 Prinsipini daha böyük incəliklə tətbiq etdilər və nəticədə onların maşınları daha ucuz və sadə oldular. Bununla onlar, əvvəllər kompüterdən oddan qaçan kimi qaçan yeni alıcı kütlələri qazandılar.
Qalib hər şeyi əldə edir
Pareto prinsipinin uzağa istiqamətlənən nəticələri geniş kütləyə özünü Paretonun onu ixtira etdiyindən 100 il sonra, bir qədər əvvəl superulduzların və müəyyən peşə sahiblərinin daha zəngin insanlarının astronomik və daimi artan gəlirləri haqda diskussiyalar zamanı özünü göstərmişdir. Rejissor Stiven Spilberq 1994-cü ildə 165 milyon dollar qazanmışdır. Ən yüksəködənişli vəkil Cozef Ceymiel 90 milyon qazanmışdır. Sadəcə öz işində səlahiyyətli rejissorlar və hüquqşünaslar əlbəttə ki, bu məbləğlərlə müqayisədə çox az qazanırlar.
XX əsrdə gəlirlərin kütləvi bərabərləşdirilməsi cəhdləri olmuşdu, lakin bir sahədə aradan qaldırılan bərabərsizlik digər sahədə meydana çıxırdı. ABŞ-da 1973-1975-ci illərdə idarəetmə sferasına aid olmayan işçilərin gəlirləri 14% azalmışdır. 1980-ci illərdə bütün gəlir artımları 20% ən zəngin adamların əlinə keçdi, təxəyyüləgəlməz 64% isə ən zəngin adamların 1 %-nə qismət oldu. ABŞ-da özəl sərmayəçilərin bütün səhmləri çox az sayda sahibkarın əlindədir: amerikan ailələrinin 5%-nin payına bütün aktivlərin 75%-i uyğun gəlir. Əgər biz dolların müasir dünyada roluna nəzər salsaq, eyni mənzərənin şahidi olarıq: dünya ticarətinin demək olar ki, 50%-inin hesablamaları amerikan dollarında aparılır, bu da ABŞ-nın dünya ixracatındakı 13% -lik payını həddən çox ötüb keçir. Dünya valyuta ehtiyatları 64% dollardan ibarətdir, baxmayaraq ki, ABŞ ÜDM-un dünya ÜDM-da payı 20%-dən bir qədər artıqdır. 80/20 Prinsipi əgər onun qarşısının alınmasına şüurlu, inadlı və kütləvi cəhdlər olmasa hər zaman və hər yerdə işləyəcəkdir.
Niyə 80/20 Prinsipi bu qədər vacibdir?
80/20 Prinsipi bizim məntiqi hesab etdiyimizin əleyhinə çıxdığı üçün böyük əhəmiyyətə malikdir. Biz gözləyə bilərik ki, bütün amillər təxminən eyni mənaya malikdir. Ki, bütün müştərilər bizim üçün eyni dərəcədə dəyərlidir. Ki, hər bir sövdələşmə, hər bir məhsul, və əldə edilmiş hər bir dollar digərləri kimi yaxşıdır. Ki, ayrıca götürülmüş kateqoriyanın işçiləri təxminən eyni dərəcədə fayda gətirir. Ki, istənilən gün, həftə və il bizim üçün eyni dərəcədə mühümdür. Ki, bütün dostlarımız bizə eyni dərəcədə dəyərlidir. Ki, bütün sənədlərə və telefon zənglərinə eyni diqqətlə yanaşmaq lazımdır. Ki, bir universitetdə alınan təhsil digərindəki ilə eyni dəyərə malikdir. Ki, bütün problemlər səbəblər çoxluğundan yaranırlar və onların arasında bir neçə əsas səbəbi axtarmağa belə dəyməz. Ki, bütün imkanlar eyni dərəcədə qiymətlidir, buna görə də hansını seçəcəyimiz vacib deyil.
Biz düşünməyə alışmışıq ki, səbəblərin və ya qoyulan vəsaitin 50%-i bizə 50% nəticə və ya son məhsul verəcək. Səbəblərin və nəticələrin eyni dərəcədə balanslaşması da bizə təbii, hətta demokratik görünür.Əlbəttə ki, bəzən belə də olur. Lakin “50/50” yanlışlığı həqiqətə uyğun olmayan, zərərli və beyinlərimizdə dərin kök salan yanılmalardandır. 80/20 Prinsipi müəyyən edir ki, əgər biz səbəb və nəticəyə aid olan iki verilənlər dəstini öyrənib təhlil etsək, çox güman ki, balanslaşdırılmama mənzərəsi əldə edərik. Kəmiyyət olaraq bu disbalans 65/36, 70/30, 75/25, 80/20, 95/5 və ya 99,9/0,1 və s. ola bilər. Həm də bu münasibətlərdə iki rəqəmin cəmi mütləq 100 olmaya da bilər.
80/20 Prinsipi həm də zəmanət verir ki, biz həqiqi münasibətləri öyrəndikdə bu disbalansın səviyyəsinə heyrətlənəcəyik, çünki həqiqi səviyyənin necə olmasından asılı olmayaraq o, bizim gözləntilərimizi aşacaq. İnzibatçılar güman edə bilərlər ki, bəzi müştərilər və ya bəzi məhsul çeşidləri digərlərinə nisbətən daha sərfəlidir, lakin onlar birinci ilə ikinci arasında olan fərqi gördükdə çox təəccüblənirlər. Məktəb müəllimləri bilirlər ki, intizam və davamiyyətlə bağlı problemlər az sayda şagirdlərlə əlaqədardır, lakin öz qeydlərinin təhlilindən sonra aydınlaşdırırlar ki, disbalansın həcmi onların gözlədiklərindən daha çoxdur. Biz düşünə bilərik ki, vaxtımızın çox hissəsini biz daha effektiv işləyirik, lakin əgər biz göstərilən cəhdləri və alınan nəticələri müqayisə etsək, hətta nitq qabiliyyətimizi də itirə bilərik.
Bəs 80/20 Prinsipi nə üçün lazımdır? Bunu dərk edib – etmədiyinizdən asılı olmayaraq o, sizin həyatınızda, yaşadığınız dünyada, işinizdə öz izini qoyur. 80/20 Prinsipini anlamağınız sizə həqiqətdə ətraf mühitdə baş verənləri aydın görməyə imkan verir.
Biznes və bazar yüz illər ərzində bu prosesdən uğurla istifadə etmişlər. Fransız iqtisadçısı J.B. Sey təxminən 1800-cü ildə “entrepreneur” sözünü kəşf etmiş və onu belə tərif etmişdir: “Antreprenyor iqtisadi resursları az məhsuldar sahədən çox məhsuldar sahəyə ötürür və barını götürür”. 80/20 Prinsipi tərəfindən ehtimal edilən sadəlövh nəticələrdən biri odur ki, biznes və bazarlar optimal həllərdən hələ çox uzaqdırlar.Məsələn 80/20 Prinsipi təsdiq edir ki, məhsulun, müştərilərin və ya işçilərin 20%-i 80% gəlir gətirir. Əgər bu belədirsə – ətraflı araşdırmalar adətən təxminən belə güclü disbalansın olduğunu təsdiqləyir – mənzərəni optimal və ya effektiv adlandırmaq mümkün deyil. Belə vəziyyət ehtimal edir ki, məhsulun, alıcıların və işçilərin 80%-i 20% gəlir gətirir. Ki, böyük qüvvələr boşuna sərf olunur. Ki, şirkətin daha güclü resursları daha az effektiv resurslar tərəfindən saxlanılır. Ki, siz daha uyğun məhsul satmaq, daha sərfəli işçiləri işə götürmək və daha sərfəli alıcılar cəlb etməklə (və ya onları daha çox almağa inandırmaqla) gəlirləri daha çox artıra bilərsiniz.
Bu vəziyyətdə sual qanunauyğundur: cəmi 20% gəlir gətirən 80% məhsul istehsalını niyə davam etdirməli? Şirkətlər nadir hallarda özlərinə bu sualı verir, yəqin ona görə ki, cavab olaraq radikal dəyişikliklər başlayacaq, etdiklərinizin 4/5-dən imtina etmək isə elə də asan deyil.
J.B.Seyin antreprenyorun işi adlandırdığını müasir maliyyəçilər arbitraj adlandırırlar. Müasir maliyyə bazarları qarşılıqlı əlaqələrdəki, məsələn, valyuta məzənnələrindəki anomaliyaları çox cəld düzəliş edirlər. Amma bizneslə məşğul olan təşkilat və insanlar praktik olaraq antreprenyor və ya arbitrajdan istifadə etmirlər. Onlar resursları zəif nəticə verən sahələrdən güclü nəticə verən sahələrə ötürməyə və ya azeffektli resurslardan yaxa qurtarıb yüksəkgəlirli resurslar əldə etməyə alışmayıblar. Bir çox hallarda biz dərk etmirik ki, bəzi resurslar (Cozef Yuranın “həlledici əhəmiyyətə malik az” adlandırdığı hissə) nə dərəcədə superməhsuldar ola və ya resursların “sıradan əksəriyyəti” azeffektiv və ya ziyanlı ola bilərlər. Əgər biz “həlledici az” ilə “sıradan kütlə” arasındakı fərqi həyatımızın bütün sahələrində görsək, əgər biz bu istiqamətdə bir çox addımlar atsaq bizim üçün dəyərli olan şeyləri qat-qat artıra bilərik.