8 C
Baku
Friday, March 29, 2024

Pareto qanunu və ya 80/20 prinsipi

Müəllif: Riçard Kox (Richard Koch) Birminqem Universiteti nəzdində Biznes Məktəbində idarəetmə iqtisadiyyatı və biznes strategiyası müəllimi. Material ingiliscədən qısaldılmış tərcümədə dərc olunur.

80/20 Prinsipi nəyə deyirik?

80/20 Prinsipinə görə, qoyulan vəsaitin və ya göstərilən səylərin kiçik hissəsi, nəticənin, alınan məhsulun və ya qazanılmış mükafatın böyük hissəsinə cavabdehdir. Məsələn, işdə nəticələrin 80%-nin əldə edilməsinə ümumi vaxtın cəmi 20%-i sərf olunur. Belə çıxır ki, təcrübədə sizin göstərdiyiniz səylərin 4/5-ünün (heç də az olmayan bir hissə) alınmış nəticəyə heç bir aidiyyatı yoxdur. Yeri gəlmişkən, adətən bu insanların gözləntiləri ilə üst-üstə düşmür. 

Beləliklə, 80/20 Prinsipi təsdiq edir ki, disproporsionallıq səbəb və nəticə, qoyulan və götürülən vəsait, göstərilən səy və əldə edilmiş mükafat arasındakı münasibətlərin ayrılmaz xüsusiyyətidir. “80/20” ifadəsi bu disproporsiyanı yaxşı təsvir edir: qoyulan vəsaitin 20%-i əldə ediləcək vəsaitin 80%-nə cavabdehdir, nəticələrin 80%-i səbəblərin 20%-dən doğur, səylərin 20%-i 80% nəticə verir.

80/20 Prinsipinin ədalətliliyini sübut edən bir çox nümunələri biznesdə də tapmaq olar. Məhsul çeşidinin 20%-i adətən pul ifadəsində satışdan gəlirin 80%-ni verir, bunu 20% alıcı və ya müştəri haqda da demək olar. Bundan əlavə məhsul çeşidinin 20%-i və ya müştərilərin 20%-i adətən şirkətə gəlirin 80%-ni gətirir.

Bizim cəmiyyəti götürək. Cinayətkarların 20%-i cinayətlərin 80%-ni törədir, sürücülərin 20%-i yol-nəqliyyat hadisələrinin 80%-də günahkardır, nigaha daxil olanların 20%-i boşanmaların 80%-nə cavabdehdir (gah nigaha daxil olub gah da boşananlar statistikanı dəyişərək nigahların stabilliyi haqda bədbin rəy yaradırlar). Nəhayət uşaqların 20%-i öz ölkələrində onlara verilən təhsil imkanlarının 80%-dən istifadə edirlər.

Hətta evdə də: xalçalarımızın 20%-nə onların köhnəlməsinə səbəb ola biləcək amillərin 80%-i təsir edir. Bütün zamanın 80%-də siz malik olduğunuz geyimin 20%-ni geyinirsiniz. Avtomobilin qaçırılma əleyhinə siqnalının işə düşmə hallarının 80%-nə mümkün səbəblərin 20%-i uyğun gəlir.

Daxili yanma mühərriki də 80/20 Prinsipinin ədalətli olduğunu sübut edir. Yanacağın yanmasından əldə olunan enerjinin 80%-i itirilir, təkərlərə isə cəmi 20%-i ötürülür. Bu 20% yanacaq hərəkətin 100%-ni yerinə yetirir.

80/20 Prinsipinin əsasını təşkil edən riyazi asılılıq bundan 100 ildən çox daha öncə, 1897 – ci ildə italyan iqtisadçı Vilfredo Pareto tərəfindən müəyyən edilmişdir. Onun ixtirasını müxtəlif cür adlandırırdılar, o cümlədən Pareto prinsipi, Pareto qanunu, 80/20 qaydası, ən az səy prinsipi, Disbalans prinsipi. Bu materialda biz onu 80/20 Prinsipi adlandıracayıq. 80/20 Prinsipi geniş kütləyə aşkar olmasa da, indiki iş adamlarına, biznesmenlərə, entuziast-kompüterçilərə, texniki nəzarət şöbələrinin mütəxəssislərinə böyük təsir göstərmişdir və beləliklə, hazırda yaşadığımız dünyanın formalaşmasına gətirib çıxarmışdır. Buna baxmayaraq, 80/20 Prinsipi bizim zəmanənin ən böyük sirrlərindən biri olaraq qalır və onun haqda biliklərə malik olanlardan bir çoxları da onun gücünün yalnız bir hissəsindən istifadə edirlər.

Bəs Vilfredo Pareto nəyi aşkara çıxarmışdır? Belə alınmşdır ki, bir dəfə o, XIX əsrdə İngiltərədə var-dövlət və gəlirlərin bölüşdürülməsini nəzərdən keçirmişdir. O, aydınlaşdırmışdır ki, gəlir və material dəyərlərin çox hissəsi tədqiq olunan qruplarda insanların az bir hissəsinə məxsusdur. Ola bilsin ki, burada Pareto üçün təəccüblü heç nə yox idi. Amma o, özünün fikrincə iki mühüm faktı da müəyyənləşdirmişdir. Birincisi, insan qrupunun sayı ilə (nəzərədn keçirilən əhalinin ümumi sayına faizlə nisbətdə) bu qrupun nəzarət etdiyi var-dövlət və gəlir arasında dəyişməz riyazi əlaqə vardır. Başqa sözlə desək, əgər insanların 20%-nin material dəyərlərin 80%-nə malik olduqları məlumdursa, əminliklə demək olar ki, əhalinin 10%-i material dəyərlərin 65%-nə, 5%-i isə – 50%-nə malikdir. Pareto üçün burada başlıca olan rəqəmlər deyildi, var-dövlətin əhali arasında balanslaşdırılmamış bölgüsü idi.

Paretonu valeh edən digər bir ixtirası isə o idi ki, disbalansın bu sxemi müxtəlif ölkələr və müxtəlif zamanlar üzrə statitik göstəricilər üçün dəyişməz qalırdı. İstər İngiltərə üçün onun tarixinin istənilən dövrü üzrə , istərsə də Paretonun digər ölkələr üçün istənilən zamanlar üzrə əldə etdiyi göstəricilər yenidən riyazi dəqiqliklə təkrar olunurdu.

Bu nədir – sadə təsadüf , yoxsa iqtisadiyyat və cəmiyyət üçün böyük əhəmiyyətə malik olan bir şey? Bu sxem təkcə var-dövlət və gəlirlər üzrə deyil, başqa sahələrdə də işləyə bilərmi? Pareto parlaq yenilikçi idi ,çünki ona qədər var-dövlət və gəlirlərin bölüşdürülməsi ilə gəlir əldə edən və ya mülkiyyətə sahib olan insanların sayı kimi qarşılıqlı əlaqədə olan iki sistemi nəzərdən keçirərək müqayisə etmək heç kimin ağlına gəlməmişdi (Hazıki dövrdə bu metod adiləşmişdir və biznes və iqtisadiyyat sahəsində iri nailiyyətlərə səbəb olmuşdur).

Təəssüf ki, Pareto öz ixtirasının mühümlyünü dərk etsə də, onu izah edə bilmədi. O, bir sıra yaxşı, lakin əlaqəsiz sosial nəzəriyyələr irəli sürmüşdür, bunlarda elitanın mühüm rolunu qeyd etmişdir, lakin bu nəzəriyyələr onun ömrünün sonunda Mussolininin faşistləri tərəfindən mənimsənilmişdir. Bütöv bir nəsil dövründə 80/20 Prinsipi qimətləndirilməyib. Bir çox iqtisadçıların, xüsusən də amerikan iqtisadçılarının 80/20 Prinsipinin mühümlüyünü dərk etmələrinə baxmayaraq, yalnız ikinci Dünya müharibəsindən sonra iki şəxs bir-birindən xəbərsiz 80/20 Prinsipinin nəyə qadir olduğunu dünyaya nümayiş etməyə başladı.

1949: Zipfin ən az səy prinsipi.

Bu yolu ilk qət edənlərdən biri Harvard universitetinin filologiya professoru Corc K. Zipf olmuşdur. 1949-cu ildə o, ən az səy prinsipini ixtira etmişdir, hansı ki, Pareto prinsipinin yenidən açılmış və ətraflı əsaslandırılmış variantı idi. Zipf prinsipinə görə ehtiyatlar (insanlar, mallar, vaxt, biliklər və ya hər hansı bir məhsul mənbəyi) özünü elə təşkil edir ki, görülmüş işi minimuma endirsin, yəni istənilən ehtiyatın 20-30%-i bu ehtiyatla bağlı olan fəaliyyətin 70-80%-ni hasil edir.

Disbalansın bu dəyişilməz sxeminin təkrarlandığını nümayiş etdirmək üçün Zipf əhalinin statistikasını, filologiya sahəsini və sənaye dinamikasını nəzərdən keçirmişdir. Məsələn, o, 1931-ci ildə Filadelfiya şəhərinin 20 məhəlləsində bağlanan nigahları nəzərdən keçirmiş və göstərmişdir ki, nigahların 70%-i bir-birindən bu ərazinin 30%-indən çox olmayan hissəsində yaşayan insanlar arsında bağlanmışdır.

Yeri gəlmişkən, Zipf iş masasında həmişə səliqəsizlik olmasının elmi izahını vermişdir. O, səliqəsizliyi digər qanunla təsdiqləmişdir: əşyalar bizə onlardan istifadə etdiyimiz dərəcədə yaxın yerləşirlər. Fərasətli katibələr çoxdan başa düşüblər ki, tez-tez istifadə olunan sənədləri tikmək lazım deyil!

1951: Yuranın az, həqiqi vacib haqda qaydası və Yaponiyada iqtisadi yüksəliş.

80/20 Prinsipinin ilk təcrübi istifadəçilərindən digəri 1904-cü ildə Rumıniyada anadan olmuş amerikalı mühəndis , böyük keyfiyyət bilicisi İosif Mozes Yurandır, bu insan 1950-1990-cı illərdə keyfiyyət inqilabının başında dayanmışdır. Yuran Pareto prinsipini (və ya onun dediyi kimi, “həlledici rol oynayan az prinsipi”) məhsul keyfiyyətinin artırılması yolunun sininiminə çevirmişdir.

1924-cü ildə Yuran “Bell telefon sistem” konserninin “Vestern elektrik” istehsal şöbəsinə istehsalın təşkili mühəndisi kimi işə daxil olmuşdur. Nəticədə o, dünyada ilk keyfiyyət məsləhətçilərindən birinə çevrilmişdir.

Zay məhsul istehsalını aradan qaldırmaq, sənaye və istehlak məhsulların etibarlılığını artırmaq məqsədilə onun ağlına 80/20 Prinsipini digər statistik metodlarla birgə istifadə etmək ideyası gəlmişdir. İlk nüsxəsi 1951-ci ildə nəşr olunan “Keyfiyyətə nəzarət üzrə təlimat” kitabında Yuran 80/20 Prinsipinin dəyərlərini geniş tərif etmişdir.

Son xəbərlər
Digər xəbərlər