Parisin prokurorluğu “Apple” şirkətinə qarşı səsli köməkçi “Siri” vasitəsilə danışıq yazılarının toplanması faktı üzrə istintaqa başlayıb. Bu barədə prokurorluq nümayəndələrinə istinadən “Politico” nəşri məlumat yayıb.
İstintaqa kibercinayətkarlıqla mübarizə üzrə ixtisaslaşmış OFAC agentliyi rəhbərlik edir.
Şikayət “Apple” şirkətinin subpodratçısı olmuş keçmiş əməkdaş Tomas Le Bonnikin ifadələrinə əsaslanır. O bildirib ki, 2019-cu ildə “Siri”nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə minlərlə səs yazısını analiz edib. Onun sözlərinə görə, bu yazılarda məxfi məlumatlar ola bilərdi və istifadəçilərin şəxsiyyətini müəyyən etməyə imkan verirdi.
“Apple” hər hansı pozuntuya yol verdiyini inkar edir. Şirkətin Fransadakı nümayəndəsi “Politico”ya bildirib ki, “Apple” səs köməkçisinin məlumatlarını heç vaxt marketinq profilləri yaratmaq üçün istifadə etməyib və onları heç vaxt satmayıb.
Parisin prokurorluğuna müraciətdən əvvəl cənab Le Bonnikin Avropa məlumatların qorunması orqanlarına, o cümlədən İrlandiyanın DPC (Data Protection Commission) tənzimləyicisinə etdiyi şikayətlər nəticəsiz qalmışdı. DPC işi 2022-ci ildə bağlamışdı.