ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyinin (NASA) kosmosa göndərdiyi “Parker Solar Probe” zondu Yerə ulduz tacının fotoşəkilini göndərib.
Banker.az bildirir ki, Günəşin orbitinə rekord məsafədə yaxınlaşan kosmik zond topladığı informasiyaları planetimizə göndərir. Ulduz tacının fotoşəkilində Günəşin kosmik məkana atdığı plazmanın aydın təsviri var. Şəkildəki parlaq ləkə isə Yupiter planetidir. Kosmik aparat bu fotoşəkili noyabrın 8-də Günəşin səthindən 27,2 milyon kilometr məsafədə çəkib. Çəkiliş zamanı kamera istilikdən mühafizə ekranının altında yerləşib.
“Parker” kosmik fəzaya bu ilin avqustunda göndərilib. Bu missiyanın əsas məqsədi tarixdə ilk dəfə olaraq Günəşin orbitinə daxil olmaqdır. Kosmik zond, həmçinin Venera planetinə 7 dəfə yaxınlaşacaq ki, bu da onun sürətini saniyədə 200 kilometrə qədər artıracaq. Günəşə ən yaxın məsafəyə isə 2024-cü ilin dekabrında çatmaq mümkün olacaq. “Parker”in ölçüsü kiçik avtomobil qədərdir və 3D fotoşəkilləri çəkən aparat, elektrik və maqnit sahələrini ölçən cihazla, həmçinin Günəş tacından gələn güclü radiasiya axınını ölçmək üçün xüsusi avadanlıqla təchiz olunub.
Azərtac