18 C
Baku
Friday, October 4, 2024

Parlamentdə daha bir komitənin bu ilin payız sessiyası üçün iş planı təsdiqlənib

Oktyabrın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Komitə sədrinin müavini Günay Əfəndiyeva gündəliyə 3 məsələnin daxil olduğunu diqqətə çatdırıb.

İclasda əvvəlcə Mədəniyyət komitəsinin 2024-cü il payız sessiyası üçün iş planının layihəsi barədə danışılıb. Bildirilib ki, layihədə mədəniyyətin inkişafı, bədii yaradıcılıq, informasiya vasitələrinin rolu və milli irsin qorunması ilə bağlı məsələlər əhatə olunub. Həmçinin mədəni tədbirlərin təşkili, gənc istedadların dəstəklənməsi və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi digər məsələlər arasında yer alıb.

Müzakirələr zamanı komitə üzvləri müxtəlif təkliflər irəli sürüblər.

Sonra gündəlikdə yer alan “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Bildirilib ki, “Turizm haqqında” Qanuna təklif olunan dəyişiklik turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin (kimya sənayesi, metallurgiya, nüvə energetikası, tullantıların zərərsizləşdirilməsi və emalı müəssisələrinin fəaliyyəti) qadağan edilməsi ilə əlaqədardır. Belə ki, layihə sözügedən zonaların xüsusiyyətləri nəzərə alınmaqla “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlara uyğunlaşdırma məqsədilə hazırlanıb. Layihənin qəbul edilməsi nəticəsində turizm və rekreasiya zonalarının ərazilərində bəzi fəaliyyət növləri ilə məşğul olmaq qadağan ediləcək.

Daha sonra gündəliyin digər məsələsi – “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında və “Poçt haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib. Qeyd olunub ki, layihə Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 582-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar qanunvericilikdə yaranmış uyğunsuzluğun aradan qaldırılması məqsədilə hazırlanıb. Belə ki, əlilliyi olan şəxslərə qarşı alçaldıcı və təhqiramiz söz və ifadələrin mənfi təsəvvürlər yaratmayan söz və ifadələr ilə əvəz olunması məqsədilə 2022-ci il 8 iyul tarixli sözügedən hüquqi sənədlə bəzi qanunlarda bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən “korlar” sözü “görmə qabiliyyəti tam məhdud olanlar” sözləri ilə, “zəifgörənlər” sözü isə “görmə qabiliyyəti qismən məhdud olanlar” sözləri ilə əvəz olunub.

Komitə üzvləri qanun layihələrinin əhəmiyyətini vurğulayaraq, mədəniyyətin inklüzivliyini artırmaq, cəmiyyətin bütün təbəqələrinin bərabər imkanlardan faydalanmasını təmin etmək istiqamətində atılan addımların müsbət təsirini vurğulayıblar.

Beləliklə, iclas mədəniyyət sahəsindəki hüquqi tənzimləmələrin müasirləşdirilməsi və cəmiyyətin inkişafına xidmət edən yeni addımların atılmasının müzakirəsi, komitənin 2024-cü il payız sessiyası üçün iş planının layihəsinin təsdiqlənməsi və qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə olunması ilə yekunlaşıb.

Son xəbərlər
Digər xəbərlər