Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər etməyə hazırlaşır.
Parlamentin İnsan hüquqları komitəsi dəyişiklik layihəsini bəyənərək plenar iclasa göndərib.
Milli Məclis sədrinin müavini, komitə sədri Bahar Muradova hər iki sənədi prezidentin göndərdiyini bildirib. Yaxın günlərdə müzakirə olunacağı gözlənilən layihənin detalları da açıqlanıb.
Təkliflər əsasən, “.az” domen adlarının qeydiyyatı, istifadəçi-domen inzibatçısı və istifadəçi-provayder münasibətləri ilə bağlıdır.
Domen adları barədə bilgilər sorğu ilə veriləcək
İndiyədək domen adlarının sahibləri ilə bağlı bilgilərə çatım açıq idi. Ancaq təkliflər fərqli qayda müəyyən edir. Təkliflərə görə, domen adlarının qeydiyyatını aparan inzibatçı onların reyestrini aparacaq, bundan istifadəni sorğu əsasında təmin edəcək.
Digər təklif domen adlarının qeydiyyatı və istifadəsi qaydaları ilə bağlıdır. İndiyədək domen adlarının reyestr məlumatlarını inzibatçı tərtib edirdisə, qanun layihəsində bunu müvafiq icra hakimiyyəti orqanının həyata keçirməsi təklif olunur.
Təkliflərdə deyilir ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin resursun qanunauyğun fəaliyyətini təmin etməlidir. Domen sahibi terrorun, zorakılığın, qumar oyunlarının, milli, irqi və dini ayrı-seçkiliyin təbliği ilə bağlı məsuliyyət daşıyacaq. Domenin sahibi internet resursunda yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə onun resursdan götürülməsini təmin etməlidir.