“PAŞA Bank” ASC ötən ili 90 milyon 180 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə bank 84 milyon 252 min manat mənfəət etmişdir.
Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, mənfəəti 7% artıb.
2021-ci ildə “PAŞA Bank”ın gəlirləri 389 milyon 825 min manat, xərcləri 228 milyon 526 min manat təşkil edib. 2020-ci ildə isə bankın gəlirləri 313 milyon 395 min manat, xərcləri 188 milyon 945 min manat olub.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu il yanvarın 1-nə “PAŞA Bank”ın aktivləri 6 milyard 408 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16% çoxdur. Bunun 2 milyard 546 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 21.5% böyüyüb.
DEPOZİT PORTFELİ BÖYÜYÜB
Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 17.3% artaraq 5 milyard 831 milyon manata, o cümlədən depozit portfeli 25.3% artaraq 5 milyard 29 milyon manata, balans kapitalı isə 7% artaraq 577 milyon 276 min manata çatıb.
Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 56.8%-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 28.2%-i “Ador” MMC-yə, 10% Arif Paşayevə, 5%-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.