®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” “Azərbaycan bazarında sindikat kreditləşməsi” mövzusuna dair konfrans keçirib.
Bakıda 4 iyun tarixində keçirilən tədbirdə dövlət qurumları, ölkənin maliyyə sektorunun aparıcı oyunçuları, yerli və beynəlxalq şirkətlərin təmsilçiləri, “PAŞA Bank” rəsmiləri və ümumilikdə 100-dən çox digər qonaqlar iştirak edib.
Konfrans iştirakçıları sindikat kreditlərinin cəlb edilməsi üzrə beynəlxalq təcrübəni və burada bankların mövqeyini, bu sahədə dövlət və özəl sektor arasında əməkdaşlıq strategiyalarını, iqtisadiyyatın əsas sektorları və sahibkarlığın dayanıqlı inkişafında sindikat kreditlərinin rolunu və digər mövzuları müzakirə ediblər. Panel müzakirələrində yerli və xarici bankların əməkdaşlığı, Azərbaycan bazarına xarici investorların marağının artırılması və eləcə də ölkənin sindikat kreditlərinin hüquqi aspektləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.
“Bu gün Azərbaycanda çox sayda irimiqyaslı layihələrin keçirilməsini nəzərə alaraq, bazarda təqdim olunan kredit alətləri arasında sindikat kreditləşməsinin aktiv tətbiqinə böyük zərurət yaranıb. Bugünkü tədbirin məqsədi bu mövzuya diqqət çəkməklə real sektorun biznesləri, potensial investorları və maliyyə sektorunun aparıcı oyunçularını bir araya gətirib, bu sahədə əməkdaşlığın qurulması istiqamətində açılan perspektivləri tanıtmaqdır” – deyə, “PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev bildirib.