Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” mədəni irsimizin qorunmasına və təbliğatına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.
Belə ki, Bank, “Azərxalça” ASC və “AFFFAIR” markası tərəfindən qədim xalçaçılıq ənənələri əsasında müasir nümunələrin hazırlanması layihəsinin tərəfdaşlarından biri olub. Yanvar ayının 24-də Milli Xalça Muzeyində “Mədəni irsə yeni baxış” adı altında başlayan sərgidə bu kolleksiyanın nümayişi baş tutub.
“Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Pazırıq” və “Şəbəkəli” xalçalarının elementlərindən ilhamlanaraq məhdud sayda hazırlanmış bu müasir xalça nümunələrinin bir hissəsi mədəni irsin qorunması, müasirləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına hədiyyə olunub.
Tədbirdə iştirak edən “PAŞA Bank”ın idarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev bu təşəbbüsün önəmindən danışarkən vurğulayıb:
“Biz, sosial məsuliyyətli korporativ vətəndaş olaraq mədəni irsimizin qorunması və bərpası məsələsinə həssaslıqla yanaşırıq. Milli mənsubiyyətimizi müəyyənləşdirən mədəni irsimizin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması bizim üçün böyük əhəmiyyət daşıyır. Qarabağ xalçaçılıq məktəbindən ilhamlanaraq müasir xalça nümunələrinin hazırlanmasında bizim də qatqımızın olması çox qürurvericidir”.